Strateji Yol Xəritəsində bununla bağlı qarşıya mühüm hədəflər qoyulub
   
   Biznes məqsədilə ölkə xaricinə səyahətləri əhatə edən işgüzar turizm müasir dövrdə turist axınının əsas istiqamətlərindən biri hesab olunur. Bu perspektivli turizm növünə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər arasında görüşlər, konqres və konfranslar, ticarət və ya elmi-texniki əməkdaşlıq məsələləri üzrə yığıncaqlar, təbliğat-təşviqat tədbirləri, habelə beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakla bağlı səfərlər daxildir. 
   Son illərdə işgüzar turizm ölkəmizdə də inkişaf etməkdə olan turizm növlərindən biridir. Bu turizm növünün təşviqi və inkişaf etdirilməsi məqsədilə 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosu yaradılıb. İşgüzar turizmin inkişafının dəstəklənməsi ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb. 
   
   Yazda ilk ticarət festivalının təşkili planlaşdırılır 
   
   İşgüzar turizmin inkişafı ilə bağlı görüləcək işlər haqqında qəzetimizə danışan Azərbaycan Konqreslər Bürosunun (AKB) icraçı direktoru Ülviyyə Mir-Qasımova görüşlər sənayesinin inkişafı üçün ölkəmizin böyük potensialı olduğunu bildirir. Onun sözlərinə görə, bu turizm növünün inkişafı üçün ölkəmizin müxtəlif şəhərlərində yerləşən konqres və mədəniyyət mərkəzlərindən işgüzar məqsədli tədbirlərin təşkili üçün istifadə edilə bilər. Bundan başqa, mövsümilik amilindən asılı olmayan işgüzar səfərlər ölkəmizin ilboyu turizm məkanı kimi inkişafına da təkan vermiş olur. 
   Həmsöhbətim deyir ki, bununla bağlı Strateji Yol Xəritəsində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB beynəlxalq toplantıların (konfrans, forum) ölkəyə daha uğurla cəlb edilməsi, ölkəmizin bu sahədə olan potensialının xaricdə təbliğ olunması, müxtəlif təkliflərin hazırlanması istiqamətində işlər görəcək. Həmçinin, Bakı şəhərində ticarət festivallarının (shopping festival) təşkili də AKB-yə həvalə olunub. Bu festivalların təşkil edilməsi üçün müəyyən edilmiş hədəf ölkələrdən turistlərin cəlb edilməsi məqsədilə dövlət və özəl sektorun nümayəndələri ilə birgə əməkdaşlıq həyata keçiriləcək. İl ərzində bir neçə dəfə nəzərdə tutulan bu festivalların birincisinin qarşıdakı yaz aylarında təşkil olunması planlaşdırılır.
   
   Azərbaycan üçün prioritet olan ölkələr 
   
   Ülviyyə Mir-Qasımova deyir ki, işgüzar turizm bazarlarında Rusiya və Yaxın Şərq ölkələrinin Azərbaycan üçün mühüm rol oynadığını nəzərə alaraq, həmin ölkələrdən olan alıcıların daha əhəmiyyətli hissəsini Azərbaycana cəlb etməyi planlaşdırırlar: “Bunun üçün Rusiya Federasiyasında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan görüşlər sənayesi üçün satış tədbirlərinin keçirilməsi planlaşdırılır. Bu tədbirlərə biznes görüşlərinin (B2B) keçirilməsi, yerli bazar alıcılarını bir araya gətirən sərgilərdə iştirak və yerli dildə təbliğat materialları və videoçarxların hazırlanması işləri daxildir. Yeni hədəf bazarların təyin və inkişaf etdirilməsi məqsədilə isə növbəti illərdə işgüzar turist sayına görə hazırda ön sıralarda olan Hindistan, Çin və Cənubi Koreyadan qrup və tədbirlərin cəlb olunması üçün bazar araşdırmaları aparılacaq, satış və marketinq metodları hazırlanacaq”.
   
   Görüşlər sənayesi üzrə fəxri səfirlər klubu yaradılacaq
   
   Müsahibim bu istiqamətdə dünya təcrübəsindən geniş yararlanacaqlarını diqqətə çatdırır. Dünya üzrə bir çox assosiasiyalar öz tədbirlərini hər hansı bir ölkədə keçirmək üçün müxtəlif şərtlər irəli sürürlər. Bu şərtlərin içində ən əhəmiyyətlilərindən biri konfransın keçiriləcəyi ölkədə həmin assosiasiyanın üzvünün olmasıdır. Bir çox hallarda məhz həmin üzvlər belə konfransların öz ölkələrində keçirilməsi üçün təşkilat daxilində aktiv təbliğat aparırlar. Bu təbliğatı sonuna qədər və effektiv aparmaq üçün onlara ölkənin görüşlər sənayesinin təbliği və iri tədbirləri keçirməyə qadir olduğunu təqdim edən bir çox təbliğat materialları və təlimlər lazım olur: “Məhz bunun üçün Azərbaycanda irimiqyaslı toplantı və konfransların təşkilində bilavasitə əlaqələndirici rolunu oynaya biləcək elm adamlarını və cəmiyyətdə tanınmış simaları bir araya gətirərək ölkəmizin işgüzar turizm potensialını üzvü olduqları beynəlxalq təşkilatlarda səmərəli şəkildə təqdim etmək üçün materiallar və vəsaitlərlə təmin edəcəyik. Bundan başqa, onlara Azərbaycanın görüşlər məkanı kimi təbliğatını yüksək səviyyədə aparmaq üçün “Fəxri səfirlər klubu”nun yaradılması, müntəzəm görüşlərin və təlimlərin keçirilməsi planlaşdırılır”.
   
   Regionların işgüzar turizm üçün potensialı
   
   AKB icraçı direktorunun sözlərinə görə, həyata keçirilən işlər paytaxtdan kənarda, xüsusilə də Gəncə, Qəbələ və Qusarda müxtəlif təşviqat və toplantıların keçirilməsi üçün aktiv təbliğat üzərində qurulacaq. Bunun üçün həm internet, həm də digər satış və marketinq resurslarından istifadə olunacaq. Xüsusi bazar araşdırmalarının köməyi ilə bu regionlara potensial hədəf bazarları müəyyən ediləcək və müxtəlif marketinq kanalları vasitəsilə aktiv satış işləri aparılacaq. 
   Qeyd edək ki, Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərə görə, işgüzar turizmin dəstəklənməsi üzrə görüləcək tədbirlər nəticəsində 2016-cı illə müqayisədə 2020-ci ildə Azərbaycana iki dəfə çox işgüzar turistin gələcəyi gözlənilir. Beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak və təbliğat səfərlərinin təşkili Azərbaycanı bütün dünyaya müasir və hərtərəfli görüş məkanı kimi tanıtmaq məqsədilə işgüzar turizm üzrə ixtisaslaşmış “IMEX Frankfurt” və “EBTM World” kimi beynəlxalq sərgilərdə iştirakın əhəmiyyəti qiymətləndirilərək görüş məkanlarının səmərəli təşviqi həyata keçiriləcək. “Ace of Mice”, “ATM Dubay”, “Conventa” və “M&I Forums” kimi tədbirlərdə ölkəmizin təbliğinin həyata keçirilməsi imkanları dəyərləndiriləcək. Region ölkələri, xüsusilə Gürcüstan və Qazaxıstanın konqreslər büroları ilə birgə əməkdaşlıq imkanları da araşdırılacaq. Bundan başqa, beynəlxalq alıcılar və görüşlər sənayesi üzrə ixtisaslaşan media nümayəndələri üçün tanıtım səfərləri təşkil olunacaq. Beynəlxalq Konqres və Konfranslar Assosiasiyası (ICCA), Peşəkar Konqres Təşkilatçılarının Beynəlxalq Assosiasiyası (IAPCO), Beynəlxalq Assosiasiyalar Birliyi (UIA) ilə sıx tərəfdaşlıq etməklə, onların satış və marketinq alətlərindən səmərəli istifadə olunacaq. 
   
   Fariz Hüseynov