Türkiyənin Malatya vilayətinin valiliyi tərəfindən təşkil olunan I Malatya “Qızıl ərik” Beynəlxalq Film Festivalına sayılı günlər qalıb. Noyabın 26-dan dekabrın 2-dək davam edəcək festivalın ən yeni filmlər, kino seminarları, sərgilərlə dolu zəngin proqramı var.
      
   Vudi Allen, Sofia Koppola, Ken Loaç, Abbas Kiorostami, Verner Herzog kimi məşhur rejissorların filmləri nümayiş olunacaq festivalda 100-dən çox tammetrajlı, qısametrajlı ekran əsəri iştirak edəcək.
   Festivalda filmlər “Panorama”, “Dünya tərsinə dönsə, səndən vaz keçmərəm”, “Mükafat almış sənədli filmlər”, “Yapon kinosunun 5 üzü və Tokio”, “Kamal Sunalın xatirəsinə”, “Yarpaq tökümü”, “Premyeralar”, “Gördüm, eşitdim, bilirəm” bölümlərində nümayiş olunacaq. Balaca tamaşaçılar üçün “Mişmiş” adlı bölüm də nəzərdə tutulub.
   Festivalda iştirak edəcək müxtəlif janrlı filmlər “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı ssenari” adları altında “Qızıl ərik” mükafatı uğrunda yarışacaq.
   Festivalın “Panorama” bölümündə məşhur kinorejissorların dünyada səs salan filmləri nümayiş olunacaq. Onların arasında Ken Loaçın “Təhlükəli yol” (“Route İrish”), Sofia Koppolanın “Başqa bir yerdə” (“Somewhere”), Verner Herzoqun “Mənim gözəl oğlum, sən nə etdin?”, Abbas Kiorustaminin “Təsdiq olunmuş” (“A Certified Copy”), Sylvain Chometin “Sehrbaz” (“L’illusionniste”) və s. bədii və animasiya filmləri tamaşaçılara təqdim olunacaq.
   2010-cu il Türkiyədə “Yaponiya ili” elan olunduğundan festivalda yapon filmlərinə geniş yer verilib. Festivalın “Yapon kinosunun beş üzü və Tokio” başlıqlı hissəsində yapon kinosunun qorxu, samuray, yakudza, animasiya və başqa bu kimi müxtəlif janrlarda ən yaxşı filmləri nümayiş olunacaq.
   Festivalın sənədli filmlər bölümündə Sandance, Kann, Berlin, Selanik, Toronto kimi dünyanın A kateqoriyalı festivallarında iştirak etmiş və insan haqlarından tutmuş siyasətə qədər bütün mövzuları əhatə edən filmlər nümayiş olunacaq. Bu sırada Nezih Ünenin “İtirilmiş mahnılar” (Türkiyə), Tamas Almasinin “Puskas” (Macarıstan), Kristian Freirinin “Yad turistlər” (İsveçrə), Laura Poitrasın “And” (Amerika) filmləri də yer alıb.
   Rəngarəng proqramlı festivalın maraqlı bölümlərindən biri də “Premyeralar” adlı hissəsidir. Bu bölümdə türk kinosunda son dövr çəkilən yeni filmlər nümayiş olunacaq. İlk premyera Sinan Çetinin “Kağız” filmi olacaq.
   Onu da qeyd edək ki, ermənilər festivalın adına görə Türkiyəyə qarşı təzminat davası açmışdılar. Lakin ortaya qoyduqları faktlar saxta və yetərli olmadığından bu iddia qəbul olunmadı. 2004-cü ildən bəri Ermənistanda “Qızıl ərik” adı ilə beynəlxalq film festivalı keçirdiklərini iddia edən erməni tərəfi Malatya şəhərini beynəlxalq məhkəməyə vermək istəsə də, bu niyyətləri gözlərində qaldı.
   
   Yeganə Cansail