Tədbirin məqsədi iqtisadiyyat, ticarət, turizm, idman və digər sahələrdə faydalı əməkdaşlığın inkişaf etdirilməsidir
   
   2017-ci ilin birinci yarısında Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələri arasında Bakı şəhərində strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur.
    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirin məqsədi iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq olunmasıdır. 
   Tədbirdə Azərbaycan və KƏŞ-ə üzv dövlətlərin yüksək vəzifəli rəsmiləri, müvafiq nazirliklər, iş adamları, özəl şirkətlər, suveren fondlar və maliyyə-investisiya korporasiyalarının nümayəndələrinin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Forumun təşkili ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti 2016-cı ilin dekabrında KƏŞ-in Ər-Riyadda yerləşən mənzil-qərargahına səfər edib və görüşlər keçirib.
   Bu əməkdaşlığın əsasını 2013-cü ilin iyununda Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş katibliyi arasında imzalanmış anlaşma memorandumu təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi, ölkəmizin İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi, son illər ərzində KƏŞ-ə üzv dövlətlərlə Azərbaycan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, tərəflərin əlaqələrin inkişafı naminə nümayiş etdirdikləri siyasi iradə, turizm və insanlararası təmasların artması əməkdaşlığın inkişafı üçün yeni əlverişli imkanlar yaradır.