“Bu təxribatların təşkil olunduğu məkanlar düşmənin təcavüzkar siyasətinin ifşası üçün beynəlxalq platformaya çevrilir”
   
   Xəbər verildiyi kimi, 18-22 yanvar tarixində İspaniyanın Madrid şəhərində keçirilən FİTUR beynəlxalq turizm sərgisi çərçivəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini və bu təcavüzün hələ də davam etdiyini göstərərək növbəti təxribata əl atmışdır. Ermənistanın təqdimat stendində Qarabağa aid olan şəkillər və materiallar yerləşdirmişdir. 
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bununla bağlı məlumat yayılmışdır. Məlumatda bildirilir ki, həmin günlərdə Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) və İspaniya hökumətinin təşkilatçılığı ilə keçirilən BMT-nin “İnkişaf üçün davamlı turizm beynəlxalq ili”nin açılış mərasimində iştirak etmək üçün Madrid şəhərində səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti və həmçinin Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən bir sıra vacib addımlar atılmışdır.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm FİTUR rəhbərliyinə, həm də Dünya Turizm Təşkilatına hadisə baş verən gün müvafiq etiraz məktubları göndərilmişdir. Həmin məktublarda həm BMT tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə, eləcə də 2015-ci ildə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 100-cü iclasında “Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair” qərarına bir daha istinad edilmişdir. Nazir Əbülfəs Qarayev məsələ ilə bağlı Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə müzakirə aparmış və Ermənistan tərəfinin bu beynəlxalq hüquqa zidd hərəkətlərinin həm təşkilatın fəaliyyətinə və həm də qəbul etdiyi qərarlarına hörmətsizliyini diqqətə çatdırmışdır. 
   Baş katib Taleb Rifai Azərbaycan tərəfinin narahatlığını böyük həssaslıqla qəbul etdiyini və məsələ ilə bağlı aidiyyəti tərəflərlə danışıqlar aparacağını bildirmişdir. Daha sonra DTT tərəfindən nazirliyə məlumat verilmişdir ki, məsələ ilə bağlı müvafiq səviyyələrdə müzakirə aparılmış və lazımi ölçülər götürüləcəkdir.
   Bununla bağlı Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Xarici İşlər Nazirliyi və FİTUR rəhbərliyi ilə görüşlər keçirərək ölkəmizin mövqeyini qarşı tərəfə çatdıraraq Ermənistanın belə təxribatlarının qarşısının alınmasının zəruri olduğunu diqqətə çatdırmışdır. İspaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin bir sıra hallarda özəl sahədə baş verənlərə dövlətin müdaxilə edə bilmədiyini qeyd etmiş, buna baxmayaraq sərgi təşkilatçılarını məsələnin həssaslığı barədə xəbərdarlıq edəcəklərini bildirmişlər. 
   Daha sonra sərgidə Ermənistan stendi qarşısında İspaniyada yaşayan həmvətənlərimizin etiraz aksiyası təşkil edilmiş və işğalçı Ermənistanın təcavüzkar fəaliyyətlərinə dair lövhə və bannerlər nümayiş etdirilmiş, “Qarabağ Azərbaycanındır”, “İşğala son”, “Ermənistan işğalçıdır” şüarları səsləndirilmiş, sərgi iştirakçılarına Azərbaycan həqiqətləri və erməni təcavüzü barədə məlumat verilmişdir.
   Mədəniyyət və Turizm Nazirliyi mətbuat nümayəndələrinə məsələ ilə bağlı nümayiş etdirdikləri həssaslığa və düşmənə qarşı ideoloji-informasiya mübarizəsindəki həmrəyliyə görə bir daha təşəkkür edir. Nazirlik onu da diqqətə çatdırır ki, Ermənistan tərəfinin belə beynəlxalq tədbirlərdə həyata keçirdikləri təxribatlar nəinki onların xeyrinə nəticələnir, əksinə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əldə edilmiş beynəlxalq nüfuz sayəsində belə təxribatların qarşısı layiqli şəkildə alınır və bu təxribatların təşkil olunduğu məkanlar düşmənin təcavüzkar siyasətini və işğalçı fəaliyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından bizim üçün əlavə beynəlxalq platformaya çevrilir. Ümid edirik ki, Ermənistan tərəfi üçüncü ölkənin ərazisinin, eləcə də beynəlxalq qurumların nüfuzunun öz işğalçı təxribatlarına cəlb etmək niyyətinin nə dərəcədə absurd və qeyri-konstruktiv olduğunu Azərbaycan tərəfinin cavab addımları fonunda başa düşmüşdür.