Azərbaycanın turizm agentlikləri Avropa qatarlarına qabaqcadan bilet ala biləcəklər
   
   Azərbaycanın turizm agentlikləri öz müştərilərinə bütün Avropa ərazisində hərəkət edən qatarlara qabaqcadan bilet almaq üçün bu il fevral ayının ortalarından “Rail Europe” şirkətinin yenilənmiş və əlverişli saytından istifadə edə biləcəklər. Bunu Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış meneceri Aleksis Darn bildirib.
   O qeyd edib ki, “Rail Europe” şirkətinin Azərbaycanda nümayəndəliyi - “SI Travel & Luxury” şirkəti fəaliyyət göstərir. Bunun sayəsində azərbaycanlı turistlər Bakının turizm agentliklərində Avropa qatarlarına bilet ala biləcəklər. Bu, çox rahatdır, çünki biletləri qabaqcadan almaq qiymətdə xeyli qənaət etməyə imkan verir. Yenilənmiş sayt işə salınana qədər turizm agentlikləri əvvəllər olduğu kimi, biletləri nümayəndəliyimiz vasitəsilə, yaxud birbaşa “Rail Europe”nin “B2B” saytında (www.agents.raileurope-world.com») da sifariş etməyə davam edə bilərlər.
   Qeyd edək ki, Avropada qatarlar ən geniş yayılmış nəqliyyat vasitəsidir. Dəmir yolu vağzalları adətən şəhərlərin mərkəzlərində yerləşir. Bu da vaxta qənaət etməyə imkan verir. Avropada qatarlar sürətli və rahatdır. Təyyarələrdə olduğu kimi, qatarlarda da ekonom, biznes və s. kimi klaslar tətbiq edilir. Üstəgəl çevik hərəkət cədvəli: qatarlar fasiləsiz və qrafikə uyğun işləyir.