Azərbaycan
8 fevral 1992 - Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (23.3.1920 - 1992) vəfat edib. İlk milli uşaq baletinin («Qaraca qız»), musiqili komediyaların («Dağlar qoynunda», «Həyətim mənim, həyatım mənim” və s.), simfonik əsərlərin, populyar mahnıların (“Qurban olduğum”, «Qarabağın qızları») müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (1953-1957) rektoru olub.
9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 - 28.2.2004) anadan olub.
9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.
9 fevral 1942 - Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist, filologiya elmləri doktoru Fazil Şamil oğlu Rəhmanzadə anadan olub.
Dünya
8 fevral 1928 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qaraqulaq-ağ Bim” və s. filmlərdə çəkilib.
8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.
9 fevral 1441 - Böyük özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.
9 fevral 1874 - Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub.
9 fevral 1881 - Dahi rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.
Hazırladı: Vüqar Orxan