Son illərdə ölkəmizdə turizmin inkişafı, o cümlədən regionlarda turizm infrastrukturunun yaradılmasını təşviq etmək məqsədilə dövlət tərəfindən müvafiq addımlar atılır. Viza sisteminin sadələşdirilməsi və elektron vizaların verilməsi ölkəyə turist axınını artırır. Bununla bağlı özəlliklə regionlarda azbüdcəli istirahət mərkəzlərinin, 2 və 3 ulduzlu hotellərin, hostellərin tikilməsi aktuallıq kəsb edir.
Ölkə Prezidentinin 31 yanvarda imzaladığı fərmanla “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli fərmanına edilən dəyişikliklər də bu məqsədə xidmət edir. Sənədə əsasən, Bakı şəhəri, ətraf qəsəbələr və Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında mehmanxana, əyləncə xidməti obyektləri və iaşə xidməti obyektləri tikəcək fiziki və hüquqi şəxslər üçün bir sıra vergi güzəştləri tətbiq olunacaq.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev fərmanın əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, ötən il ərzində ölkə başçısı tərəfindən turizm sənayesinin inkişaf etdirilməsi üçün bir sıra vacib sənədlər imzalanıb. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”də bu məsələlər geniş şəkildə öz əksini tapıb. Yeni fərmanı da həmin tədbirlərin davamı kimi qiymətləndirmək olar.
Ruslan Quliyev deyir ki, vergi güzəştləri ilə bağlı fərman turizmin inkişafına ciddi təsir edə biləcək bir sənəddir və bu sahədə orta və kiçik sahibkarlığın inkişafına çox böyük töhfə olacaq: “İnanırıq ki, bizim sahibkarlar da bu fərmandan istifadə edərək ölkəmizin turizm sənayesinin inkişafına öz imzalarını atacaqlar”.
Müsahibim turizm sahəsində inkişaf etmiş ölkələrin təcrübəsini misal göstərərək bildirir ki, bu sahənin inkişafı üçün təşviq fondları olmalıdır. Bu sektora həm dövlət büdcəsinin vəsaiti, həm də yerli və xarici investorların cəlb olunması istiqamətində görülən işlər davam etdirilməlidir. Vergi güzəştlərinin tətbiq olunması bu sahəyə marağı daha da artıracaq.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da vergi güzəştlərinin regionlarda turizmin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. Bildirdi ki, ötən ildən başlayaraq Azərbaycana xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayı artmaqdadır. Həmin turistlər nəinki Bakıda, eyni zamanda regionlarda da istirahət edirlər. Bu il də ölkəyə gələn xarici turistlərin sayında artım gözlənilir. Ona görə də 2 və 3 ulduzlu hotellərin, hostellərin, iaşə obyektlərinin tikintisi üçün nəzərdə tutulmuş vergi güzəştləri həm bölgələrin turizm infrastrukturunun inkişafına, həm yerlərdə əhalinin məşğulluğunun artırılmasına müsbət təsir göstərəcək. Vergi güzəştlərinin tətbiqi həm yerli, həm də xarici investorlar üçün cəlbedici olacaq.
Qeyd edək ki, Bakı şəhəri, ətraf qəsəbələr və Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, digər şəhər və rayonlarda minimum 1 milyon manat investisiya qoymaqla mehmanxana, minimum 500 min manat investisiya ilə əyləncə xidməti obyektləri və minimum 100 min manat investisiya qoymaqla iaşə xidməti obyektləri tikəcək fiziki və hüquqi şəxslər investisiya təşviqi sənədi ala biləcəklər. Həmçinin minimum 100 min manat investisiya qoymaqla hostel, minimum 2 milyon manat investisiya qoymaqla 2 və 3 ulduzlu yerləşdirmə vasitələrinin inşası üçün də investisiya təşviqi olacaq. İnvestisiya təşviqi sənədi almış sahibkar 7 il müddətinə əldə etdiyi mənfəətin 50 faizinin gəlir vergisindən, eləcə də əmlak və torpaq vergisindən azad olacaq.
F.Hüseynov