ATMU-da Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində beynəlxalq seminar 
   
   Fevralın 16-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi” mövzusunda beynəlxalq seminar işə başladı. 30-dan çox ali təhsil müəssisəsinin qatıldığı tədbir ATMU ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində təşkil olunub.
   ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov tədbiri açaraq bildirdi ki, seminarın keçirilməsində əsas məqsəd keyfiyyətin təminatı sahəsində mövcud vəziyyət, institusional və milli səviyyələrdə keyfiyyətin yüksəldilməsi imkanları barədə fikir mübadiləsi aparmaqdır: “Hər bir ölkənin dinamik inkişafında rəqabətə davamlı kadrların hazırlanması əhəmiyyətli rol oynayır. Əmək bazarının standartlarına uyğun rəqabət qabiliyyətli kadr hazırlığı prosesinin düzgün təşkilində keyfiyyət təminatı əsas amildir. Düşünürəm ki, iki gün ərzində davam edəcək seminar bu baxımdan əhəmiyyətli olacaq”.
   Eldar Aslanov diqqətə çatdırdı ki, universitetdə Avropa təhsil məkanına uğurlu inteqrasiya, eləcə də ali təhsil sistemində islahatların həyata keçirilməsinə kömək göstərilməsi məqsədilə təhsil proqramları, onların hazırlanması, tədris və təlim resursları, dəstək xidmətləri ilə əlaqədar standartlar barədə mütəmadi seminarlar təşkil edilir və müzakirələr aparılır.
   Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsi Elm sektorunun müdiri Vüqar Məmmədov, Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova ölkəmizdə ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi istiqamətində görülən işlərdən danışdılar. Bildirildi ki, ATMU-da keyfiyyət təminatı şöbəsinin fəaliyyət göstərməsi vacib məqamdır. Belə bir strukturun mövcudluğu ali təhsilin keyfiyyətinin təkmilləşdirilməsinə töhfə verir, eyni zamanda universitetlərdə ümumi tədris prosesinin gedişinə müsbət təsir göstərir.
   Avropa Universitetlər Assosiasiyasının ali təhsil siyasəti bölməsinin eksperti Teresa Zanq ali təhsildə keyfiyyətin təminatının mövcud vəziyyəti barədə məruzə ilə çıxış etdi. O, həmçinin Azərbaycanın ali təhsil müəssisələrinin keyfiyyət şöbələrinin əməkdaşları ilə müzakirələr aparıldığını da bildirdi.
   Qeyd edək ki, beynəlxalq seminar fevralın 17-də başa çatacaq.
   
   Fariz