Mart ayında Almaniyanın Berlin şəhərində keçiriləcək beynəlxalq turizm yarmarkasında Göygöl rayonu ölkəmizin turizm məkanı kimi təqdim olunacaq. Bununla bağlı Göygölə səfər edən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Şəlalə Məmmədova bildirib ki, 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin yaranmasının 200 illik yubileyi UNESCO səviyyəsində qeyd olunacaq. Bu, vaxtilə almanların yaşadığı Göygöl (keçmiş Helelendorf) şəhərinin turizm imkanlarının Almaniyada təqdimatı üçün mühüm fürsətdir.
Azərbaycanda alman izlərinin araşdırılması və tədqiqinə böyük önəm verilir. Göygölə səfər çərçivəsində mövcud turizm müəssisələri, əsrarəngiz mənzərəli yerlər, yerli sənətkarlar haqqında, eləcə də şəhərdəki alman məskənləri, şəxsi evlər, kilsə, alman qəbiristanlıqları barədə ətraflı məlumatlar toplanaraq təhlil olunub, bölgə üzrə maddi mədəniyyət abidələrinin alman turistlərinə təqdimetmə imkanları araşdırılıb.