Sərgidə ermənilərin Azərbaycan stendinə qarşı təxribat cəhdləri uğursuzluqla nəticələnib
   
   Fevralın 18-19-da ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Los-Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən qurulmuş stenddə ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər yerləşdirilib, ziyarətçilərə Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər paylanılıb. 
   Sərgi iştirakçıları Azərbaycanın coğrafi mövqeyi, tarixi, dini dözümlülük ənənələri, eyni zamanda zəngin mədəniyyəti barədə ətraflı məlumatlandırılıb, onların ölkəmizin turistik mərkəzləri ilə bağlı sualları cavablandırılıb. Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş olunub. Bundan başqa, Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.
   Stenddə quraşdırılmış “Qarabağ - Azərbaycanın zinət tacı” başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər alban monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub. Baş konsulluq tərəfindən Qarabağa dair müvafiq kitabça da nəşr olunaraq sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, eyni zamanda bu ərazinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur. Həmçinin işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.
   Sərgidə Azərbaycanın geniş iştirakından, xüsusilə Qarabağın tarixi Azərbaycan torpağı kimi təbliğindən narahat olan Kaliforniyanın erməni lobbisinin nümayəndələri müxtəlif təxribatçı və aqressiv hərəkətlərlə Azərbaycan stendinin işinə mane olmağa cəhd etsələr də, sərginin təhlükəsizlik xidmətinin və Los-Anceles polisinin işə qarışması nəticəsində məqsədlərinə nail ola bilməyiblər.
   Qeyd edək ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.