Fevralın 20-dən “Formula-1” Azərbaycan Qran-prisinin media akkreditasiyasına start verilib. Yerli media nümayəndələri üçün akkreditasiya martın 31-dək onlayn qaydada təşkil olunacaq. Akkreditasiya “Formula-1” Azərbaycan Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsində (www.bakucitycircuit.com/az) aparılır.
Fevralın 20-də təşkil olunan seminarda BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” Avropa Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri akkreditasiya prosesində fəal olmağa çağırıb. Yarışa hazırlıq barədə məlumat verən N.Arpadarai könüllülərin və marşalların seçim prosesinin yekunlaşmaq üzrə olduğunu, əsas işlərə maydan başlanacağını vurğulayıb.
Azərbaycan Qran-pri yarışları iyunun 23-25-də təşkil olunacaq. Qran-pri yarışlarını dünya üzrə 500 milyondan çox insan seyr edir.