Mədəniyyət və Turizm Nazirliyində aviaşirkətin nümayəndələri ilə görüş 
   
   Fevralın 21-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan ilə görüşüb.
   Görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazim Səmədov ölkəmizdə turizm sahəsində aparılan islahatlar barədə qonaqlara məlumat verib.
   Görüş zamanı 16 mart 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şərca şəhərindən Bakıya ilk birbaşa reysin həyata keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu reyslə BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək.
   “Air Arabia” nümayəndələri bildiriblər ki, hava yolları şirkəti loukoster (azbüdcəli) tipli aviadaşıyıcı olduğundan sərnişinlərin 30-35 %-i ilk dəfə səyahət edəcək şəxslərdən ibarət olur. Həmçinin cari ilin aprel ayında şirkət tərəfindən turizm şirkətləri nümayəndələrinin Hindistandan Bakıya səfərinin təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
   Nazim Səmədov qonaqlara ölkəmizin iqlimi, turizm potensialı, cari ildən etibarən hər il aprel və oktyabr aylarında ölkəmizdə keçirilməsi nəzərdə tutulan ticarət festivalı (shopping festival) barədə məlumat verib, həmçinin ölkəmizdə işgüzar turizmin təşviqi ilə məşğul olan Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti haqqında danışıb.