Üzvlük universitet tələbələrinin yay tanışlıq və istehsalat təcrübəsi imkanlarının genişlənməsinə zəmin yaradacaq
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) təhsil, tədris, təcrübə, təlim modelinə müvafiq olaraq beynəlxalq əlaqələrini genişləndirir. Ötən ilin sonundan ali təhsil müəssisəsi ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlar müsbət nəticələnib.
ATMU adıçəkilən təşkilata üzv qəbul edilib. 1951-ci ildən fəaliyyət göstərən PATA-nın mərkəzi ofisi Tailand Krallığının paytaxtı Banqkok şəhərindədir. Assosiasiyanın 800-dən çox üzvü arasında turizm təşkilatları, dövlət qurumları, universitetlər, aviaşirkətlər, hava limanları və turizm agentlikləri var.
PATA-nın başlıca məqsədi turizm sənayesində təmsilçilik hüququ qazanan təşkilatlarla mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, insan kapitalından düzgün istifadə strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi, dinamik inkişaf edən turizm sektorunda gənclərin, xüsusən tələbələrin aktiv iştirakının təmin edilməsindən ibarətdir. ATMU-nun daha bir beynəlxalq təşkilata üzv qəbul edilməsi universitetin turizm təhsili arenasında daha da tanınmasına, tələbələrin yay tanışlıq və istehsalat təcrübəsi imkanlarının genişlənməsinə, təhsilin beynəlxalq əlaqələr müstəvisində təşkilinə zəmin yaradacaq.