Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev “Global Healthcare Travel Forum”un vitse-prezidenti seçilib
   
   İordaniyanın paytaxtı Amman şəhərində 25-27 fevral tarixində “Global Healthcare Travel Forum” (GHTC - Qlobal Sağlamlıq Səyahəti Forumu) zirvəsi keçirilib. 60-a yaxın ölkədən 500-dən artıq nümayəndənin qatıldığı forumda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev də iştirak edib. 
   Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur, 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Şurası başqanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti İordaniya Özəl Xəstəxanalar Assosiasiyasının sədri Dr. Feyzi Al-Hammoridir. 
   Zirvə toplantısının açılış mərasimində İordaniya Krallığının baş naziri Hani Al-Mulki, digər yüksək vəzifəli şəxslər, turizm naziri xanım Lina Mazhar Annab iştirak edib. Açılışdan sonra forum iki gün stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib. 
   AHTTSA “Global Healthcare Travel Concil” stendində təmsil olunub. Ziyarətçi və iştirakçılara Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verilib, turizm potensialını əks etdirən çap və elektron reklam-təbliğat materialları paylanılıb.
   Baş nazir Hani Al-Mulki, İordaniya Krallığının şahzadələri xanım Ghida Talal və Dina Mired stendi ziyarət ediblər. Ümumilikdə 7 panel görüşməsi təşkil olunub. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə və akkreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm, dental turizm, spa və velnes turizmi, kulinariya turizmi və s. istiqamətlərin maraq kəsb etdiyi vurğulanıb və yeni tendensiyaların şaxəli inkişafı hədəf kimi qəbul olunub. 
   Forum çərçivəsində Azərbaycan və Türkiyə heyəti ölkəmizin İordaniyadakı səfirliyində Xocalı soyqırımını anma mərasiminə də qatılıb.
   Forumun son günü GHTC Baş Assambleyasının qapalı toplantısı və idarə heyətinə seçkilər keçirilib. Türkiyə Sağlıq Turizmi Şurasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev təşkilatın vitse-prezidenti seçilib və iştirakçılara Azərbaycan haqqında geniş məlumat verilib. Təşkilatın yeni prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Medical Tourism Council”in sədri xanım Leyla Marzouqi olub. 
   Sonda “Qlobal sağlıq turizmi Əmman bəyannaməsi” qəbul olunub.
   
   F.Hüseynov