Heç şübhəsiz ki, xalqımızın qeyd etdiyi bayramlar içərisində Novruz birincidir. Suyun saflığını, odun hərarətini, yelin təravətini və torpağın bərəkətini özündə ehtiva edən ilaxır çərşənbələri başa vurduqdan sonra sırada Novruz şənlikləri var. Novruzla bağlı bir həftədən də artıq istirahət imkanının yaranması bu günləri daha yaddaqalan keçirmək üçün əsl fürsətdir. Turizm şirkətləri də ənənəvi olaraq Novruzla bağlı müxtəlif turpaketlər, hotel və restoranlar isə istirahət və əyləncə imkanları təklif edirlər. Bu təkliflərdən yararlanmaq isə hər kəsin imkanına bağlıdır.
   
    Bayramı ölkə daxilində qeyd etmək istəyənlər üçün
   
   Novruz milli dəyərlərimizi, irsimizi, adət-ənənələrimizi təcəssüm etdirən bayramdır və insanlarımız ənənəvi olaraq bu bayramı ölkə daxilində keçirməyə üstünlük verirlər. Bunu nəzərə alan turizm şirkətləri də bir neçə istiqamətdə Novruz turları hazırlayıblar.
   Turizm şirkətlərindən aldığımız məlumata görə, yerli vətəndaşlarımız daha çox qrup turlarını almağa üstünlük verirlər. Belə turlarda daha çox tarixi abidələrə, məkanlara gəzintilər təşkil edilir. Tur paketlərinə bayram tonqalı, Novruz personajları Kosa və Keçəlin iştirakı ilə əyləncələr də daxildir. Turlar Şəki-Qax-Qəbələ, Lənkəran-Masallı-Lerik, Gəncə-Göygöl-Şəmkir-Gədəbəy, Zaqatala-Balakən-Qax və s. marşrutları əhatə edir.
   “Baku Travel & Tourism” şirkəti bu il turistlərə 24-25 mart tarixində “Khanland Novruz çadırı turu” təqdim edir. Qafqaz dağlarının 2100 metr yüksəkliyində, Şəkidə Novruz tonqalı ətrafında təşkil olunacaq çadırda gecələmək də daxil olmaqla, ekstremal, əyləncəli, maraqlı oyunlar, canlı musiqinin müşayiəti ilə rəqs istirahəti yaddaqalan edəcək. Şirkətdən bildiriblər ki, Novruz bayramı günlərində xarici ölkələrdən, xüsusilə İran və Körfəz ölkələrindən turist müraciətləri də qəbul edirlər. 19-29 mart tarixində İrandan 350-500 qonağın qəbul olunması nəzərdə tutulur.
   “Aristokrat” turizm şirkətində də Novruz bayramı ərəfəsində həm yerli, həm də xarici turistlərin müraciətlərinin artdığını bildirdilər. Şəki, Qəbələ, İsmayıllı, Qax və Qusar rayonları daha çox sifariş olunan məkanlar sırasındadır. Martın 15-də “Tufandağ”da qış turizm mövsümünə yekun vurulsa da, “Şahdağ”da qış mövsümü martın 31-dək davam edəcək. Əgər havanın hərarəti çox yüksəlməsə, turistlər Novruz bayramında da xizəkdən istifadə edə biləcəklər. 
   "AtaTravel" şirkəti isə martın 22-25-də "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksində dördgünlük Novruz şənliyi təklif edir. İştirak etmək istəyənlər baharın gəlişini təbiət qoynunda füsunkar mənzərəsi olan "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksində qarşılaya bilərlər. Proqrama bayram əyləncələri ilə yanaşı hotelin idman və SPA mərkəzinin xidmətlərindən istifadə də daxildir.
   Məlumat aldığımız digər turizm şirkətindən də bildirdilər ki, bayram öncəsi turlar üçün müraciətlər artıb. Bayram öncəsi həm 1 günlük, həm də 3 gecə 4 günlük turlara maraq var. Bundan əlavə, fərdi şəkildə müraciət edən turistlər də olur ki, onların da istədikləri turizm obyektlərində yerləşməsi təmin edilir. Onu da bildirdilər ki, ötən ilə nisbətən birgünlük turlarda qiymət artımı olmasa da 3, 4 günlük turlarda qiymət artımı var. 
   Bayram günlərində müxtəlif xarici ölkələrə turlara gəlincə, bu səfərlərin qiyməti daxili turlardan 2-3 dəfə bahadır. Turizm şirkətlərindən deyirlər ki, hər nə qədər müxtəlif kampaniyalar təşkil olunsa da, məlum devalvasiya səbəbindən qiymətləri çox aşağı salmaq mümkün deyil. Avropa istiqamətində hər hansı endirimlər yoxdur, yalnız İstanbul hotelləri bir sıra endirimlər təklif edirlər.
   
   Ənənəvi və yeni Novruz şənlikləri
   
   Hər il olduğu kimi, bu il də Novruz günlərində paytaxt Bakıda rəngarəng bayram tədbirləri nəzərdə tutulub. Belə tədbirlərdən biri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən reallaşdırılacaq ənənəvi Novruz festivalıdır. Bayram günlərində Qoşa Qala qapısı yanında “Meydan bazarı” açılacaq, tətbiqi sənət məhsulları və suvenirlərin sərgi-satışı təşkil olunacaq, milli mətbəx ustaları öz məharətlərini nümayiş etdirəcəklər. Rəngarəng konsert proqramı, kəndirbaz və pəhləvanların çıxışı, Novruz personajları Kosa və Keçəlin iştirakı bayram əhval-ruhiyyəsini daha da artıracaq. Bu il həmçinin bayram günləri ərəfəsində ilk dəfə Milli Turizm Təbliğat Bürosu tərəfindən “Novruz karnavalı”nın keçirilməsi də nəzərdə tutulur.
   
   Fariz Hüseynov