“Belə festivallar qapalı məkanlardan açıq havaya çıxmalı, turistlərin sıx olduğu yerlərdə təşkil olunmalıdır”
   
   Martın 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində ikinci Plov festivalı keçirildi.   
   Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan mətbəxini təbliğ etmək, tələbələrə xalqımızın milli mətbəx nümunələrinin hazırlanma qaydalarını, mətbəx mədəniyyətini və süfrə etikasını öyrətməkdir.
   İştirakçılar əvvəlcə sərgilənən plov və digər mətbəx nümunələri ilə tanış oldular.
   Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova çıxış edərək tədbir haqqında geniş məlumat verdi. Bildirdi ki, festivalda ölkəmizin 9 regionunu əhatə edən və tələbələrin hazırladıqları 20-dən çox plov növü təqdim olunur: “Zəngin Azərbaycan mətbəxində plovların xüsusi yeri var. Ölkəmizdə plovun 200-dən çox növü hazırlanır. Burada tələbələrimiz tərəfindən hazırlanan Bakı, Şirvan, Quba, Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran və digər bölgələrin plov örnəkləri təqdim olunur. Festivalın Novruz ərəfəsində keçirilməsi heç də təsadüfi deyil. Çünki bu bayramda demək olar ki, bütün evlərdə plov bişirilir”.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə qarşıdan gələn Novruz bayramı münasibətilə hər kəsi təbrik etdi. Belə festivalların keçirilməsinin əlamətdar hadisə olmaqla yanaşı, bölgələrimizə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanma qaydalarının nümayişi, xalqımızın qədim adət-ənənəsinin təbliği baxımdan vacib olduğunu vurğuladı: “Süfrə mədəniyyətimiz xalqımızın əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə müxtəlif mətbəx nümunələrinə həsr olunmuş festivalların keçirilməsi artıq ənənə halını alıb. Bakı ilə yanaşı, regionlarda da müxtəlif mətbəx festivalları və məhsul bayramları keçirilir. Azərbaycanda turizmin inkişafı üçün əsas amillərdən biri də bizim milli mətbəximizdir. Milli mətbəximiz xalqımızın adət-ənənəsinin qorunmasında, təbliğində, eləcə də turizm məhsulu kimi tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, ölkəmizdə turizmin inkişaf proqramları çərçivəsində Azərbaycan mətbəxinin təbliğinə daha geniş diqqət yetirilməlidir. Belə festivallar qapalı məkanlardan açıq havaya çıxmalı, turistlərin sıx olduğu yerlərdə təşkil olunmalıdır”.
   Əbülfəs Qarayev belə festivalların ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, yarışlar müddətində, eləcə də “shopping festival” (ticarət festivalları) zamanı keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi.
   Nazir ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən danışaraq, son bir ildə bu sahənin inkişafı üçün çox vacib addımların atıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu gün Azərbaycanda turizm sənayesinin inkişafında yeni mərhələ yaşanır. Bu istiqamətdə Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi xüsusi əhəmiyyətə malikdir: “Bütün bu istiqamətdə atılan addımlar Azərbaycanda qeyri-neft sektorunun inkişafında ölkəmizin turizm potensialının prioritet olduğunu bir daha göstərir. Turizm sənayesi ölkəmizə xarici valyutanın axını ilə yanaşı, yeni iş yerlərinin açılmasında da əhəmiyyətli rol oynayır. Turizm sənayesinin inkişafı qarşıdakı illərdə də sürətlənəcək, bu sahədə çalışan sahibkarlara dövlətin dəstəyi daha da gücləndiriləcək”.
   Əbülfəs Qarayev aprel-may aylarında ölkəmizdə ilk dəfə keçiriləcək ticarət festivalının əhəmiyyətindən də danışdı. Bildirdi ki, burada təkcə endirimli qiymətə alış-veriş edilməsi nəzərdə tutulmur. Ticarət festivallarının keçirilməsi həmçinin ölkəmizin mədəni həyatının, tarixi abidələrinin, mətbəx nümunələrinin və xalqımıza məxsus digər mədəni irs örnəklərinin təbliği istiqamətində də mühüm tədbir kimi yadda qalacaq.
   
   Fariz Hüseynov