“Air Arabia” aviaşirkəti reysləri həftənin dörd günü həyata keçirəcək
   
   Martın 16-da “Air Arabia” aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şərca şəhərindən Bakıya ilk reysini həyata keçirib. Şarcə-Bakı-Şarcə aviareysi şirkət tərəfindən həftənin dörd günü həyata keçiriləcək.
   Xatırladaq ki, fevral ayında “Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan Bakıda səfərdə olmuşdu. Qonaqların mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşündə Şarcə-Bakı-Şarcə aviareysi, turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdı.
   Bildirilmişdi ki, “Air Arabia” loukoster (azbüdcəli) tipli aviadaşıyıcı olduğundan sərnişinlərin 30-35 %-i ilk dəfə səyahət edəcək şəxslərdən ibarət olur. Həmçinin cari ilin aprel ayında şirkət tərəfindən turizm şirkətləri nümayəndələrinin Hindistandan Bakıya səfərinin təşkili nəzərdə tutulduğu diqqətə çatdırılmışdı.