Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə uşaqlar üçün musiqili, əyləncəli “Bayram konserti” keçirilib. Sarayın rəhbərliyi tərəfindən xeyriyyə məqsədli bayram konsertinə Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Xətai və Abşeron rayon şöbələri, “İnayət” Əlillərə Yardım Assosiasiyası, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi, Yasamal, Nərimanov və Binəqədi rayon Qarabağ müharibəsi veteranları və əlilləri cəmiyyətləri, “UAFA” Humanitar təşkilatı, Şüvəlan Uşaq evi, “Duyğu” sosial reabilitasiya ictimai birliyi, “Ümid işığında” əlil uşaqlara yardım və “Dəcəllər” Daun sindromlu uşaqların cəmiyyətləri dəvət olunublar.
Konsertdə “Asiman” rəqs kollektivi, “Dəcəl qızlar” mahnı və rəqs ansamblı, “Zima” uşaq musiqi festivalının finalçıları və “Eurovision 2011” mahnı müsabiqəsinin qaliblərindən Eldar Qasımov iştirak ediblər.
Uşaqların böyük marağına səbəb olan konsertdə Novruzun sevilən personajları Kosa və Keçəl Novruz bayramının adət-ənənələri haqda məlumat verib və uşaqlarla müxtəlif interaktiv oyunlar keçiriblər.