Aprelin 10-dan mayın 10-dək keçiriləcək “Baku Shopping Festival”ın iştirakçısı olan iri ticarət obyektlərində müvafiq hazırlıq işləri başa çatmaq üzrədir.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, bu fikirləri nazir müavini Sahib Ələkbərov ticarət festivallarının təşkili ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mədəniyyət və Turizm Nazirliyinin və bankların nümayəndələri ilə görüşdə deyib.
Vergilər nazirinin müavini Bakıda ilk dəfə keçiriləcək ticarət festivallarının (“shopping festival”) əhəmiyyəti və onların təşkili ilə bağlı məsələlər barədə danışıb. Qeyd olunub ki, ildə iki dəfə təşkil olunması planlaşdırılan ticarət festivallarının keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2017-ci il 20 fevral tarixli fərmanı ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, ticarət festivalları dövründə alınan mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə ilkin mərhələdə “Park Bulvar”, “Port Baku Mall”, “Nərgiz Mall”, “Metropark”, “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzində xüsusi köşklərin qurulması planlaşdırılır. Ehtiyac olarsa, bu köşklərin sayı artırıla bilər.
Festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün xidmət göstərəcək işçi heyətinin istirahət günlərində də işləməsi təmin olunacaq. Alıcıların rahatlığının təmin edilməsi üçün ticarət festivallarına cəlb olunacaq bankların filialları ƏDV qaytarılması sisteminə qoşulacaq.
Görüşdə bankları maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, Vergilər Nazirliyinin aidiyyəti qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən bankların nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.