İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən italyan biznesmen və filantrop Canluka Vakki 5-6 may tarixində öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı olacaq. Çılğın rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış Canluka Vakki festivalın ruhuna uyğun “Enjoy” (“Zövq al”) şüarı ilə Bakı tamaşaçılarını öz sürprizi ilə sevindirəcək.
   Məşhur qonaqla görüş Bakı Şopinq Festivalını ziyarət etmək üçün daha bir səbəb sayıla bilər.
   Qeyd edək ki, bir ay davam edəcək Bakı Şopinq Festivalı ilə əlaqədar Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir. Festival zamanı əyləncəli tədbirlərin - konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr sayəsində festival əsl bayrama çevriləcək.