Aprelin 3-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq uşaq kitabı gününə həsr olunmuş IX uşaq kitabı sərgisi keçirildi. 
   Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq Beynəlxalq uşaq kitabı gününün tarixindən danışdı. Qeyd etdi ki, 1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən məşhur danimarkalı yazıçı, balacaların sevimli müəllifi Hans Kristian Andersenin (1805-1875) dünyaya gəldiyi 2 aprel tarixi “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd edilir.
   Direktor uşaqların intellektual inkişafında kitabın rolundan söz açdı, sərginin əhəmiyyətini vurğuladı. Bildirildi ki, sərginin məqsədi uşaqlarda kitaba sevgi aşılamaq, mütaliəyə həvəsləndirmək, onları milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaq, ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etməkdir. Sərgidə Azərbaycan və dünya uşaq yazarlarının əsərləri yer almışdı. 
   M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov kitabın əhəmiyyətindən, ona olan sevgidən bəhs etdi: “Sizlər üçün yazan tanınmış şair və yazıçılar da kitabı çox seviblər. Siz də onlar kimi olmaq istəyirsinizsə, kitabı sevin və oxuyun”. 
   “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi, Yazıçılar Birliyi Uşaq şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə, Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsədzadə, uşaq yazarlarından Reyhan Yusifqızı, Solmaz Amanova, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Aygün Bünyadzadə və Elvira Məmmədli çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırdılar. 
   Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehrli ilmələr”, “Azərbaycan - yurdum mənim”, “Dərədən, təpədən”, “Tarix - keçmişdən gələcəyə”, “Yubilyar yazıçılarımız” və s. başlıqlar altında tərtib olunan sərgi maraqla qarşılandı. 
   Sərgidə “İslam dünyasının uşaq ədəbiyyatı inciləri” başlığı altında müsəlman ölkələrinin uşaq ədəbiyyatı nümunələrinə də geniş yer ayrılmışdı. 
   Tədbirdə paytaxtın ERA məktəbi və Nəsimi rayonu 1 saylı orta məktəbin ibtidai sinif şagirdləri iştirak edirdi. 
   
   Savalan Fərəcov