Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AİTF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.
Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldu. Nazirlikdən başqa, burada 7 qurum təmsil olunur. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları, turizm məkanları, paytaxtla yanaşı, bölgələrimizdə mövcud turizm infrastrukturu və rayonlarımızın turizm potensialı barədə məlumat verilir.
Dövlət başçısı sonra Azərbaycan Turizm Assosiasiyasının stendinə baxdı. Burada 15 şirkət təmsil olunur. Stenddə Bakı və regionlarda mövcud hotel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.
Azərbaycanın qədim diyarı olan Naxçıvan da sərgidə geniş təmsil olunur. Stenddə muxtar respublikadakı hotellər və istirahət mərkəzləri barədə ətraflı məlumat verilir. Naxçıvan qədim tarixi və müasir siması ilə turistlərin diqqətini cəlb edir. İlbəil artan turist sayı da bunu təsdiqləyir. Əsasən qonşu İran və Türkiyədən gələn turistlər çoxluq təşkil edir.
Sərgidə ölkəmizin digər bölgələrinin turizm imkanları da nümayiş etdirilir. Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Bunun nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə də müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim və zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi də turistləri ölkəmizə cəlb edir. Azərbaycanda turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman və digər növləri inkişaf etməkdədir. Ölkəmizin zəngin flora və faunası, gölləri, çayları, dağları respublikamıza bir dəfə səfər edən turistləri yenidən Azərbaycana gəlməyə sövq edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ stendi ilə də tanış oldular. Bu stend də sərgidə böyük maraqla qarşılanır. Burada Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ barədə ətraflı məlumat verilir.
Dövlət başçısına “ASAN Viza”nın stendi barədə məlumat verildi. Bildirildi ki, sistem işə başlayandan bu günədək 40 min 63 nəfərə elektron viza verilib. Elektron viza üçün müraciət edənlər arasında İran İslam Respublikasının vətəndaşları çoxluq təşkil edir. Almaniya, Böyük Britaniya, ABŞ, Pakistan, Hindistan, İsrail, Türkmənistan, İtaliya və Fransa vətəndaşları da bu xidmətdən istifadə edənlər arasındadır. Elektron viza alanların əksəriyyətinin ölkəmizə səfərində məqsəd turizmdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Baku Shopping Festival”ın stendində də oldular. Aprelin 10-dan mayın 10-dək Azərbaycanın paytaxtında ilk dəfə Ticarət festivalı keçiriləcək. Festivalın keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Dövlət başçısına festival zamanı alınacaq məhsula görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prosesi nümayiş olundu.
Prezident və xanımı “AİTF-2017” sərgisinin pavilyonunda müxtəlif iştirakçı ölkələrin - Türkiyə, Ukrayna, Rusiya Federasiyası (Stavropol diyarı, Dağıstan və s.), Kuba, Macarıstan, Gürcüstan, Bolqarıstan, Belarus, Mərakeş, Dominikan və Kolumbiyanın stendləri ilə də tanış oldu. Dövlət başçısı İlham Əliyev “Natural Halı” şirkətinin stendinə də baxdı. Şirkət Azərbaycanın müxtəlif bölgələrində xalçalar toxutdurur.
Stendlərlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərin işinə uğurlar arzuladılar.