Maliyyə Bazarlarına Nəzarət Palatasında "Bakı Ticarət Festivalı" ("Baku Shopping Festival") çərçivəsində kommersiya bankları rəhbərləri ilə görüş keçirilib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev mətbuata açıqlamasında bildirib ki, görüşdə festival müddətin də bank xidmətlərinin və valyutadəyişmə əməliyyatlarının fasiləsiz təşkili müzakirə edilib. Bu xidmətlər qeyri-iş günləri də təşkil olunacaq. Artıq ƏDV-nin qaytarılması üçün müvəkkil banklar seçilib. Bunlar "PAŞA Bank", "Bank Silk Way", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank" və "Yapı Kredi Bank Azərbaycan"dır.
Qeyd edək ki, 10 aprel - 10 may tarixlərində keçiriləcək festival çərçivəsində yalnız xarici vətəndaşlar deyil, Azərbaycan vətəndaşlarının da apardığı ticari əməliyyatlara görə əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması ("Tax free") təmin ediləcək. Vətəndaşlar bu beş bankın baş ofis və filialları vasitəsilə ƏDV-ni geri ala biləcəklər.
Digər xidmətlər isə həm bu banklar, həm də başqa bankların şöbə və filialları tərəfindən qeyri-iş günləri də daxil olmaqla hər gün həyata keçiriləcək.