Bakı Şopinq Festivalı MDB məkanında ilk dəfə həyata keçirilən belə bir layihədir. Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şopinq festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, festivala hazırlıq zamanı dünya təcrübəsi öyrənilib. Dubayda, İstanbulda, digər şəhərlərdə bu cür şopinq festivalları təşkil olunur və turist axınına çox müsbət təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu festival ilk dəfə paytaxtımızda keçirilir. Üstəgəl, dünya təcrübəsində ilk dəfə olaraq "Tax free" (malın əlavə dəyər vergisinin qaytarılması) xarici turistlərlə yanaşı, həm də Azərbaycan vətəndaşlarına şamil olunacaq: “Bu isə nəinki turizmin, ümumiyyətlə, ticarətin stimullaşdırılması istiqamətində atılan addımdır”.
Nazir vurğulayıb ki, ilk dəfə keçirilən festival müəyyən sınaq müddəti tələb edir. Harada çətinliklər olarsa, bizim qaynar xətlərə müraciət etmək lazımdır. Festivalın keçirilməsinə dövlət qurumları, o cümlədən, maliyyə, gömrük, vergi, mədəniyyət və turizm sektoru cəlb olunub və hər biri öz töhfələrini verib: “Bizim fikrimiz var ki, bu festivalı ildə iki dəfə keçirək. Bizim ehtimallarımıza görə, bu ticarət festivalı çərçivəsində büdcəyə 50 milyon manata qədər vəsait daxil olacaq. Hesab edirəm ki, bu gözəl bir fürsətdir, amma bunu peşəkarlıqla, həssaslıqla və diqqətlə yerinə yetirmək lazımdır".