Bakı Şopinq Festivalı başlandı
   
   Azərbaycan paytaxtında ilk dəfə təşkil olunan Ticarət festivalı - “Baku Shopping Festival” aprelin 10-da fəaliyyətə başladı. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçirilən festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosudur. 
   Aprelin 10-da İçərişəhərdə, Qoşa qala qapısında Bakı Şopinq Festivalının açılışına həsr olunmuş şou-proqram təşkil olundu. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Konqreslər Bürosu və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilən konsert proqramında tanınmış incəsənət ustaları çıxış etdilər.
   Mətbuata açıqlama verən Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov ölkəmizdə ilk dəfə təşkil olunan Ticarət festivalına marağın yüksək olduğunu bildirdi. Qeyd etdi ki, “Baku Shopping Festival” çərçivəsində bir sıra mədəni tədbirlər təşkil olunacaq: “Bu gün keçirilən şou-proqram bu qəbildən ilk tədbirdir. Bir ay müddətində - 10 may tarixinədək şou-proqramlar, əyləncəli tədbirlərlə yanaşı, müxtəlif satış-yarmarkaları təşkil ediləcək. Bundan başqa, Sabir bağında Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfindən cümə və şənbə günləri mədəni tədbirlərin təşkili planlaşdırılır. Proqramdan da gördüyü kimi, festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də ticarət potensialını əks etdirəcək festival ilk gündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olduğu hiss olunur”.
   Vurğulandı ki, bir çox ölkələrdən turistlərin diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün yaddaqalan olacaq. Həm ziyarət, həm ticarət baxımdan yeniliklər olacaq: “Bakı Şopinq Festivalı paytaxt sakinlərini və şəhərimizin qonaqlarını tədbirlərimizə fəal qoşulmaqla, təqdim ediləcək maraqlı sürprizlərin canlı şahidi olmağa dəvət edir”.
   Şöbə müdiri onu da bildirdi ki, “Baku Shopping Festival”ına iştirak üçün 110-a yaxın mağaza, 50-yə yaxın hotel və restoran qoşulub. Dünyada əsasən xarici turistlər üçün nəzərdə tutulan “Shopping festival”ları məhz ilk dəfə Azərbaycanda yerli vətəndaşları da əhatə edir. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı aldığı malın ƏDV-sini (18 faiz - müvafiq xidmət rüsumu çıxılmaqla) geri ala biləcək: “ƏDV-nin qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival - Tax Free” stikeri yerləşdirilib. Yalnız həmin nişan olan obyektlərdən mal alan şəxslərə ƏDV qaytarılacaq. ƏDV-lərin qaytarılması üçün Vergilər Nazirliyi ilə birlikdə 7 alış-veriş mərkəzində xüsusi köşklər quraşdırılıb. Bu köşklərdə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən xidmət aparılır. Xarici turistlərlə yanaşı, yerli vətəndaşlar da alış-veriş etdiklərini təsdiq edən qəbzlərlə həmin köşklərə yaxınlaşıb qəbzi təsdiq etdirərək, ticarət mərkəzlərində olan müvəkkil bankların birindən malın əlavə dəyər vergisini geri ala bilərlər”. 
   Qeyd edək ki, festival və tədbirlərin təqvimi barədə ətraflı məlumatı www.bakushopfest.com saytında (Azərbaycan, ingilis, rus, ərəb dillərində) almaq olar.
   Mərasim iştirakçıları açılış şou-proqramını izlədilər. DJ İlham Əmirovun müşayiəti ilə reallaşan şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, müğənnilər Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər müğənnilərin çıxışları, eləcə də, milli və xarici rəqslər Bakı sakinləri və paytaxtımızın qonaqları tərəfindən maraqla qarşılandı.
   
   F.Hüseynov