Beynəlxalq konfrans keçirildi
Aprelin 8-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə bu ali məktəbin nəzdindəki Bakı Turizm Peşə Məktəbində “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda üçüncü beynəlxalq konfrans keçirildi.
Tədbirin moderatoru, ATMU-nun Turizm kafedrasının müdiri Bahadur Bilalov diqqətə çatdırdı ki, artıq üçüncü dəfədir təşkil edilən konfransda xarici ölkələrdən olan tədqiqatçıların turizmin inkişafı ilə bağlı səsləndirdikləri fikirlər tədbirin əhəmiyyətini daha da artırır.
Konfransla eyni vaxtda Bakıda keçirilən “AİTF-2017” turizm sərgisi barədə məlumat verən ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov diqqətə çatdırdı ki, beynəlxalq sərgidə bu ali məktəbin də stendi yerləşdirilib. O, iştirakçılara ATMU-nun fəaliyyəti haqqında məlumat verdi. Vurğuladı ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ATMU-nun üzərinə xüsusi öhdəliklər qoyulub.
Rektor əvəzi paytaxtımızda ilk dəfə təşkil olunan Ticarət festivalı - “Baku Shopping Festival” barədə danışaraq qeyd etdi ki, festivalın təşkilinə töhfəsini vermək üçün ATMU-nun 200-dək tələbəsinə xüsusi təlimlər keçilib.
ATMU-nun inkişaf məsələləri üzrə prorektoru İranə Əliyeva və digər çıxış edənlər konfransın turizm sahəsinin inkişaf etdirilməsində qarşıya çıxan problemlərin müzakirəsi baxımından əhəmiyyətini vurğuladılar.
Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Gürcüstandan olan tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair 33 məruzəsi dinlənildi.
Müvafiq mövzu ilə bağlı fikir mübadiləsi aparılan tədbirdə XXI əsrdə turizmin dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi barədə məlumat verildi.
Fariz