Bakı Şopinq Festivalına 100-dən çox mağaza qoşulub 
   
   Aprelin 10-da başlayan Bakı Şopinq Festivalı çərçivəsində xidmət göstərən mağazaların siyahısı açıqlanıb. Müştərilər mayın 10-dək "İdeal", "Soliton", "Next", "Carlo Pazolini", "Mango", "Albatros", "Celio", "Emporium Young", "Emporium Man", "Escada", "Scoop", "Tods", "Emporio Armani", "Guess", "Corneliani" və digər mağazalarda “Tax free” (100 manat və daha çox məbləğdə mallara əlavə dəyər vergisinin (ƏDV) qaytarılması) sistemindən yararlana bilərlər. Şəhərimizə gələn turistlər və yerli sakinlər NOVCO şirkətlər qrupuna daxil olan “United Colors of Benetton”, “Sisley”, “Hackett”, “Six”, “Adidas” və başqa mağazalarda da endirimli alış-veriş edəcəklər.
   Şopinq festivalı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən digər aidiyyəti qurumların iştirakı ilə keçirilir. Məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. 
   ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi "Baku Shopping Festival - Tax Free" stikeri yerləşdirilib. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq. ƏDV-ni 5 bankın - "Kapital Bank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Silk Way" və "Azərbaycan Sənaye Bankı"nın filiallarında, həmçinin aşağıdakı ticarət mərkəzlərində quraşdırılmış köşklərdən geri almaq mümkündür: “28 Mall”, “Nərgiz Mall”, “Port Baku”, “Park Bulvar”, “Metro Park”, “Gənclik Mall”.