20 Yanvardan bəhs edən yeni kitab
   
   Professor Çapay Sultanov 20 Yanvar 1990-cı ildə Bakıda Sovet İttifaqının qoşunları tərəfindən törədilən faciə ilə bağlı “İmperatorluğun son zərbəsi” adlı kitab yazıb. Bütün faktları toplamağa cəhd etmiş müəllifin məqsədi həqiqətlərin tarixi fakta çevrilməsi və bunları xarici dillərə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılmasıdır. Kitaba 500 dən artıq foto və qrafiklər əlavə edilib ki, bu da tarixi hadisənin tutarlılığı baxımından əvəzedilməz mənbədir. Kitab artıq türk və ingilis dillərinə tərcümə edilib, hazırda isə fransızcaya çevrilmə prosesi gedir. Qısa müddət ərzində kitabın elektron variantına 62 ölkədən 2 milyondan çox oxucu müraciət edib. 17 ildir ki, Azərbaycanda fəaliyyət göstərən Rəsul Doğan bu kitabın nəşrinə qərar verməsini bəhs edilən mövzunun çox əhəmiyyətli olması və vətəndaş mövqeyi ilə izah edir.
   
   Daha 7 inci...
   
   Prezident İlham Əliyevin sərəncamı ilə nəşr olunan «Dünya Ədəbiyyatı Kitabxanası» seriyasından növbəti 7 kitab çapdan çıxıb. Bu dəfə oxucular Conatan Sviftin “Qulliverin səyahəti”, Mark Tvenin, Mayn Ridin, Knut Hamsunun, Çingiz Aytmatovun, Orxan Pamukun, Nazim Hikmətin seçilmiş əsərləri ilə tanışlıq imkanı qazanacaqlar.
    Qeyd edək ki, DƏK seriyası 150 kitabdan ibarətdir. Bu seriyaya daxil olan 18 kitab artıq çapdan çıxıb. Kitablara abunə yazılışı davam edir. Bu proses isə Bakı Kitab Klubu tərəfindən həyata keçirilir.
   
   Dünya Tolstoya qayıdır
   
   Tolstoyun kitabları Qərb dillərinə yenidən çevrilir, simpoziumlar, kitab sərgiləri təşkil edilir. Belə ki, 2010-cu ildə rus yazıçısı Lev Tolstoyun ölümünün 100- cü ili tamam olur. Bu ərəfədə Almaniya və ABŞ-da yazıçının “Anna Karenina” əsəri yenidən tərcümə edilir, Küba və Meksikada isə Tolstoy adına kitab sərgiləri təşkil olunmaqdadır. Rusiya isə bütün dünyada göstəriləcək bir sənədli film hazırlığı üçün bu günə qədər gizli qalmış arxivlərini açır. Hollivud isə Tolstoyun həyatını sərgiləyən “Son stansiya” filmini istehsala buraxıb.
   
   "Melal və çiçək” kitabının müəllifi vəfat edib
   
   Kanadanın məşhur şairi olan Patrika Paige 94 yaşında vəfat edib. Şair Lorna Crozierə görə, Paige Kanada vətəndaşları üçün əsl milli ədəbiyyatı miras qoyaraq öz Vətəninə xidmət edib. Patrika Paigenin ilk ədəbi əsərləri 1930-cu ildə çap olunub. 1954-cü ildə o , ölkəsinin ali ədəbi mükafatı sayılan “General of Canada”ya layiq görülüb. Ardınca isə “Melal və çiçək” kitabına görə qitənin nüfuzlu “British Kolumbiya” ədəbiyyat mükafatına sahib olub. Şair BMT-nin “Poeziyada Mədəniyyətlərin Dialoqu” layihəsinin də təşəbbüsçüsü olmuşdur.    

Sabutay