“Ötən müddətdə 350 min manat həcmində ƏDV alıcılara geri qaytarılıb”
   
   “Bu yaxınlarda bizi olduqca narahat edən faktlar aşkarlanıb. Azərbaycanın işğal altında olan ərazilərində bizim tarixi abidələri guya yenidən tədqiq etmək adı altında, qazıntılar aparmaqla tarixi uydurma məqsədləri daşıyan işlər görülür. Təəssüf ki, bəzən digər ölkələrin alimləri də bu cür işlərə cəlb olunurlar”.
   Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 18-də Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə keçirilən mərasimdə jurnalistlərə açıqlamasında deyib.
   Nazir vurğulayıb ki, belə məsələlərdə Azərbaycanın mövqeyi prinsipialdır: “İşğal altında olan ərazilərimizdə qanunsuz qazıntılar aparılacaqsa, bu işlər çərçivəsində hər hansı bir xarici şirkət, mütəxəssis iştirak edəcəksə, o, Azərbaycanda “qara siyahı”ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə məhdudlaşdırılacaq. Prezident İlham Əliyevin tapşırığı ilə Xarici İşlər Nazirliyi müvafiq bəyanatlar verib. Biz də nazirlik olaraq UNESCO, İSESCO səviyyəsində narahatlığımızı bildirmişik”.
   * * *
   Nazir may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı təşkil olunacaq mədəni proqramlar haqqında da məlumat verib: “Mayın 12-dən 22-dək keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı bütün teatrlarda, konsert və sərgi salonlarında İslam mədəniyyəti və ənənələrinə həsr olunan proqramlar təqdim olunacaq. Lakin bu o demək deyil ki, bu təqdimatlar yalnız islam mədəniyyətinə aid olacaq. Azərbaycan xalqı dünyəvi proseslərin də iştirakçısıdır. Ona görə də biz bunu sintez etməyi düşünürük. Hesab edirik ki, bu da qonaqlarımızın marağına səbəb olacaq”.
   * * *
   Aprelin 10-da başlanan Bakı Şopinq Festivalının da uğurla davam etdiyini qeyd edən Əbülfəs Qarayev ötən bir həftədə 350 min manat vəsaitin “Tax free” sistemi üzrə Vergilər Nazirliyi tərəfindən alıcılara geri qaytarıldığını bildirib. Nazirin sözlərinə görə, bu, ümumi məbləğin 10 faizinin qaytarılması deməkdir: “Hər hansı çətinliklər yaranan zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları bunu aradan qaldırırlar”.
   Nazir qeyd edib ki, Şopinq festivalına maraq hər gün daha da artır: “Nəzərə alsaq ki, festivalın keçirilməsi üçün cəmi 2 ay hazırlıq işləri gördük, elə də geniş təbliğat və reklam olmamışdı. Amma bununla belə festivala böyük maraq var”.
   
   Fariz