18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü artıq bir neçə ildir ki, ölkəmizdə də geniş qeyd olunur. Builki tədbirlər paytaxt Bakı ilə yanaşı, regionlarda da rəngarəngliyi ilə seçilib. Yerli və əcnəbi turistlərin hər zaman maraq göstərdiyi tarixi və mədəni irs məkanlarında “açıq qapı” günlərində xüsusilə qələbəlik olub.
   Qobustan Milli tarixi-bədii qoruğundan verilən məlumata görə, əlamətdar gündə bu tarixi məkanı da ziyarət edənlərin sayında artım olub. Aprelin 18-də qoruğu 66 yerli, 350 nəfər xarici turist ziyarət edib. Xarici turistlər Türkiyə, İran, Rusiya, Almaniya, Çin, ABŞ və ərəb ölkələrinin vətəndaşları olub. Onu da bildirdilər ki, turistlərin hər zaman maraq göstərdiyi məkana son illərdə marağın artmasının başlıca səbəblərindən biri də burada yaradılan şəraitdir. UNESCO-nun Dünya irs siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə yaradılan muzey kompleksi ən müasir muzey standartlarına cavab verir. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub. Heç də təsadüfi deyil ki, 2016-cı ildə qoruğu 65 mindən çox turist ziyarət edib.
   Qədim tarixin, əski dini inancın nişanəsi olan “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu da turistlər üçün cəlbedici məkan olub. Qoruqdan verilən məlumata görə, ərazidə aparılan konservasiya işlərindən sonra turistlərin sayı ildən-ilə artmaqdadır. Abidəni ziyarət edən turistlərin əksəriyyəti yerli vətəndaşlar olsa da, məbədə xarici turistlərin də marağı böyükdür. “Açıq qapı” günlərində “Atəşgah məbədi”ni 200-dən çox yerli sakin və turist ziyarət edib.
   “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu da ziyarətçilərinə pulsuz xidmət göstərib. Bu məqsədlə tədbir haqda məlumatı və ərazidə yerləşən abidələri əks etdirən plakatlar qoruq ərazisində yerləşdirilib. Adi günlərdən fərqli olaraq “açıq qapı” aksiyasında qoruğu ziyarət edənlərin sayında artım olub. Qoruğu 216 nəfər turist ziyarət edib ki, bunlardan 196 nəfəri xarici qonaqlar olub. Qoruğu ziyarət edənlər sırasında ərəb ölkələri, Rusiya, Almaniya, Macarıstan, İsveçrə, ABŞ, İsrail, İngiltərə, İran, İraq, Serbiya, Yunanıstandan olan turistlər var. 
   Qeyd edək ki, Beynəlxalq abidələr və tarixi yerlər günü ölkənin digər tarixi-mədəni irs məkanlarında da “açıq qapı” günü ilə qeyd olunub.
   
   Fariz Hüseynov