Aprelin 25-də Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqi ilə bağlı seminar keçirilib.
Seminarı Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini icra edən Namiq Tağıyev açaraq ölkənin multikultural dəyərlərini özündə ehtiva edən yeni halal turizm modelinin yaradıldığını deyib. Bildirilib ki, ölkə başçısının diqqət və qayğısı sayəsində turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, habelə sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxana və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində böyük işlər həyata keçirilib.
Vurğulanıb ki, son zamanlar müsəlman ölkələrindən Azərbaycana çoxsaylı turist axını və may ayında Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi nəzərə alınaraq halal turizmlə bağlı beynəlxalq təcrübə öyrənilib və “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqi də bu zərurətdən irəli gəlir.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov vurğulayıb ki, Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına səbəb olub. O, Körfəz ölkələri, eləcə də Çin, Koreya Respublikası, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqinin mövcud turist axınına müsbət təsirini diqqətə çatdırıb. Bildirilib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2, Qətərdən 5,5, Səudiyyə Ərəbistanı və Omandan 10, Birləşmiş Ərəb Əmirliklərindən 22, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə İrandan gələn turist sayı iki dəfə artıb.
Azərbaycan Akkreditasiya Mərkəzinin ekspert-auditoru Əkbər Əliyev halal idarəetmənin turizm sektorunda yeni istiqamət olduğunu, beynəlxalq təcrübədə populyarlıq qazandığını deyib. Vurğulanıb ki, bir çox islam ölkələrində turizm və hotelçilik sahəsində halal prinsiplər əsasında xidmətlər göstərilir. 2016-cı ildə müsəlman turistlər səyahətlər zamanı 140 milyon dollar xərcləyib.
Çıxışlarda o da qeyd edilib ki, bir çox ölkələrdə halal turizmlə bağlı standartlar və sertifikatlaşdırma sxemləri qəbul olunub. Bu standartın tələblərinə uyğun sertifikatlaşdırılmış mehmanxana şəbəkələri dünyanın müxtəlif ölkələrində xidmət göstərir.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.