Sərgidə ermənilərin təxribatının qarşısı alınıb
   
   Aprelin 24-də Dubay Beynəlxalq Ticarət Mərkəzində “Arabian Travel Market-2017” (ATM) illik beynəlxalq turizm sərgisi açılıb. Bu, Körfəz regionunun ən böyük beynəlxalq sərgilərindən biridir. 
   Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Azərbaycan pavilyonunda 40-dək turizm şirkəti və digər qurumlar təmsil olunur. Ölkəmizin BƏƏ-də səfiri Daşqın Şikarov və Dubaydakı baş konsul Pərviz İsmayılzadə Azərbaycan pavilyonuna baş çəkiblər.
   Aprelin 27-dək davam edəcək sərgiyə 150-dən çox ölkənin şirkətləri qatılıb, o cümlədən 60-dan çox milli pavilyon açılıb.
   İlk gündən ölkəmizin ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin ən məşhur turizm istiqamətləri barədə təkliflər, turizm potensialı və görməli yerləri haqqında müfəssəl məlumat əldə etmək olar.
   “Arabian Travel Market” sərgisinə qatılan Ermənistan tərəfi yenə təxribata əl ataraq stendində ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bu fakt Azərbaycanın səfirliyi və baş konsulluğu tərəfindən müəyyən olunub, dərhal sərginin təşkilatçılarına, rəsmi orqanlara müraciət edilib və təxribatın qarşısı alınıb. Qondarma rejimi təbliğ edən əyani vasitələr Ermənistan stendindən yığışdırılıb.