Aprelin 20-də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov və Konfutsi İnstitutunun rəhbəri xanım Li Tizixua imzalayıblar.
   Eldar Aslanov ölkəmizdə turizm sektorunun inkişafı, turizm ixtisaslı kadr hazırlığı, universitetin beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan danışıb. Qeyd edib ki, müqaviləyə əsasən ATMU ilə Çinin turizm təmayüllü tədris müəssisləri arasında əməkdaşlıq əlaqələri qurulacaq, tələbələr bu ölkənin hotellərində təcrübə keçmək imkanı qazanacaqlar. Vurğulanıb ki, qarşılıqlı razılaşmaya əsasən 2017-ci ilin sonuna qədər Çində turizm təhsili üzrə ixtisaslaşan universitetlərlə ilkin əməkdaşlıq əlaqələrinin müəyyənləşdirilməsi və ikitərəfli anlaşmaların imzalanması nəzərdə tutulur.
   Konfutsi İnstitutunun rəhbəri Li Tizixua ATMU-da səmimi qarşılandıqlarına görə təşəkkürünü bildirib, müqavilənin təhsil əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacağına ümid etdiyini deyib.
   Qonaqlar ATMU-nun Dil mərkəzində Çin dili ilə bağı yaradılan bölmənin fəaliyyəti ilə də tanış olublar.
   
   Fariz