Aprelin 10-da start verilən Bakı Şopinq Festivalına qoşulmuş paytaxt mağazalarında dünyanın məşhur brendlərinin malları endirimli qiymətlərlə alıcılara təqdim olunur.
Festivalın təşkilatçısı - Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosundan bildirilib ki, turistlər və Azərbaycan vətəndaşları “Dolce&Gabbana”, “Gucci”, “Valention”, “Mango”, “Next”, “Celio” və “TOD’S” brend mağazasında sərfəli şərtlərlə alış-veriş edə bilərlər. Şopinq festivalına qoşulan bu mağazalarda seçilmiş mallara 30 faizədək güzəştlər təklif edilir. Bu təkliflər festivalın davam edəcəyi 10 mayadək qüvvədə olacaq. Eləcə də alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala bilərlər.
Festival alıcıları “Baku Shopping Festival - Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə dəvət edir.
Xatırladaq ki, festival çərçivəsində yerli və xarici dizaynerlərin əl işlərindən ibarət “Fashion Pavilion” da fəaliyyətə başlayıb. Tbilisi prospekti, 35 ünvanındakı “Globus Plaza”da yerləşən “Fashion Pavilion”da həm yerli, həm də xarici dizaynerlərin əl işlərini əldə etmək mümkündür. Burada yerli dizaynerlərlə gündəlik görüşlər təşkil olunur və müştərilər fərdi paltarların tikilişini sifariş edə bilirlər. Sərgilənən məhsullar arasında milli üslubda hazırlanan geyim, aksesuar və mebel əşyalarına maraq böyükdür. Həm paytaxt sakinləri, həm də xarici qonaqların xüsusilə diqqətini çəkən isə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən kəlağayıdır. Yerli dizaynerlər festival çərçivəsində həm öz məhsullarını satışa çıxarır, həm də turistlərə milli adət-ənənəmizi, mədəniyyətimizi tanıdır. Pavilyonda müştərilərə milli ornamentli mebel əşyaları və qablar da təqdim olunur.