Çimərlik mövsümünün açılışına qədər Bakı, Xaçmaz, Lənkəran və Astarada nümunəvi özəl və ictimai çimərliklərin yaradılması planlaşdırılır
   
   Aprelin 27-də Lənkəran şəhərində “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının müzakirə edilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə görüş keçirildi.
   Görüşdə Lənkəran, Masallı, Neftçala və Astaranın icra hakimiyyəti başçıları, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri iştirak edirdi.
   Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizdə turizm sənayesinin inkişafı üçün atılan addımlardan danışdı. Vurğuladı ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam, eləcə də dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkə turizminin hərtərəfli inkişafı məsələləri əksini tapıb. “Turizm haqqında” yeni qanun layihəsi Milli Məclisin gündəliyindədir və mayın 2-də müzakirə olunacaq. Qanunun qəbul olunması bu sahənin gələcək inkişafına öz təsirini göstərəcək.
   Bildirildi ki, Azərbaycanda, digər turizm növləri kimi, çimərlik turizminin inkişafı üçün də böyük potensial var. Nazir martın 30-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırdı. 
   Vurğulandı ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadənin təmin edilməsi məqsədilə qəbul edilən sənəddə çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühitin mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər əksini tapıb. 
   Qeyd olundu ki, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çimərlik turizminin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Bu istiqamətdə işlər davam etdiriləcək. Turizm sənayesinin inkişafında bu sahəyə aidiyyəti olan dövlət qurumlarının birgə fəaliyyət göstərməsi vacib məsələdir.
   Nazir ölkədə mövcud olan çimərliklərin vəziyyətindən söz açaraq bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğuladı.
   Diqqətə çatdırıldı ki, çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanaraq təsdiq olunmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılır.
   Görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov turizm sənayesinin inkişaf etdirilməsində bölgənin böyük potensialının olduğunu dedi. Qeyd etdi ki, hazırda Lənkəranın dəniz sahili ərazilərində bir sıra çimərliklər fəaliyyət göstərir. Lakin onların mövcud standartlara çatdırılması istiqamətində birgə işlərin görülməsi vacibdir.
   Digər çıxış edənlər də ölkədə çimərlik turizminin inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyət göstərməsinin zəruriliyini bildirdilər.
   Nazir Əbülfəs Qarayev çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.
   
   Fariz Hüseynov