Aprelin 27-də Lənkəran şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılmışdı. 
   Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edildi və qarşıda duran vəzifələr müzakirə olundu. Həmçinin regional idarələrin paytaxtda keçirilən beynəlxalq tədbirlərdə iştirakı dəyərləndirildi.
   Nazir müşavirəni açaraq ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb və 2017-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Həyata keçirilən struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. Vurğulandı ki, mütəmadi olaraq təşkil olunan belə müşavirələr görülən işlərin təhlil olunması və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyətlidir.
   Əbülfəs Qarayev turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışaraq qeyd etdi ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdiriləcək. Həmçinin yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində tapşırıqlar verildi.
   Regional mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün islahatların davam etdiriləcəyini deyən nazir əlavə etdi ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir.
   Əbülfəs Qarayev Novruz bayramı münasibətilə Bakıda müxtəlif bayram tədbirlərinin keçirilməsinin, nazirliyin yeni yaradılan Milli Turizm Təbliğat Bürosunun və regional mədəniyyət və turizm idarələrinin bu işdə yaxından iştirakının təqdirəlayiq olduğunu bildirdi. Qeyd olundu ki, bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən iclasda da bu tədbirlər yüksək qiymətləndirilib. Bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər.
   Vurğulandı ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə keçirilən mötəbər tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir, qonaqların mədəni istirahətinin təşkili üçün mədəniyyət proqramları, layihələr reallaşdırılır. Bu qəbil tədbirlər cari ildə də davam etdiriləcək. IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” Azərbaycan Qran-prisi kimi möhtəşəm yarışlar müddətində, eyni zamanda yay turizm mövsümündə belə mədəni tədbirlər geniş şəkildə keçiriləcək. Regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha da fəal qatılmalıdır.
   Nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırdı.
   Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bildirdilər. 
   Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı təkliflər səsləndi, qarşıda duran vəzifələrin icrası nəzərdən keçirildi, fikir mübadiləsi aparıldı. İdarə rəhbərlərinə işlərinə daha ciddi yanaşılması və səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verildi.
   
   Fariz Hüseynov