Konqres çərçivəsində “Azərbaycan günü” keçirilib
Aprelin 24-də Qax şəhərindəki “El” hotelində Avropa Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyasının (European Federation of Psychology Students Assosiasion - EFPSA) 31-ci Ümumavropa konqresinin açılışı oldu.
Mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev 33 ölkədən 300-ə yaxın qonağın qatıldığı konqres iştirakçılarını salamladı, tədbirin işinə uğurlar dilədi.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli konqresin multikultural dəyərlərin yaşadıldığı ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etdi.
“Gənc Psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruczadə, təşkilat komitəsinin həmsədri Rövşən Hümbətov və "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək qonaqları ölkəmizdə görməkdən məmnun olduqlarını bildirdilər, gənc psixoloqlara uğurlar dilədilər. Sonra 31-ci EFPSA konqresinin təşkilat komitəsinin təqdimatı keçirildi.
Aprelin 25-də tədbir çərçivəsində ölkəmizin mədəniyyət və incəsənətinin təbliği məqsədilə “Azərbaycan günü” keçirildi. Olduqca dolğun keçən tədbirdə Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifasında muğam, xalq və bəstəkar mahnıları təqdim edildi.
Yerli rəqs kollektivlərinin ifa etdiyi milli rəqslərimiz də iştirakçılarda xoş ovqat yaratdı.
Həmin gün rəssam Soltan Soltanlının fəlsəfi-psixoloji məzmunlu əsərlərindən ibarət sərginin açılışı oldu. Azərbaycanlı rəssamın modern rəngkarlıq əsərləri avropalı gənclərin böyük marağına səbəb oldu.
Azərbaycan fotoqraflarının vətənimizin bölgələrini tərənnüm edən əsərləri də ayrı bir sərgidə qonaqlara təqdim edildi.
Bildirək ki, beynəlxalq konqresin əsas mövzusu "Müasir insanlıq”dır. Bu başlıq altında daha çox son dövrlərin aktual problemləri olan müharibə və terrorların psixoloji tərəfləri müzakirə edilir. Aprelin 30-dək davam edəcək 31-ci EFPSA konqresi çərçivəsində seminarlar, treninqlər, mühazirələr, dəyirmi masalar təşkil olunacaq.
S.Qaliboğlu