Avstriya Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verməkdə maraqlıdır. Hələlik ölkələrimiz arasında ticarət dövriyyəsinin ümumi həcmi 220 milyon avrodur. Lakin bu, mövcud potensialı əks etdirmir. Xüsusən Azərbaycan ilə turizm sektorunda çoxşaxəli əməkdaşlıq qurulması mümkündür.
Bu fikirləri Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex Gəncəyə səfəri zamanı səsləndirib. Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə səfir bildirib ki, ölkəsi yüksək təhsilə, qabaqcıl texnologiyalara və güclü iqtisadiyyata malikdir. Avstriyanın şəhərsalma, şəhər infrastrukturunun yenilənməsi, kommunal xidmətlərin göstərilməsi sahəsində böyük təcrübəsi var.
Avstriyanın göllər diyarı olduğunu və turizm sektorunun bu ölkədə inkişaf etdiyini deyən səfir Aksel Vex bildirib ki, Azərbaycanda dağ-xizək turizminin inkişaf etdirilməsi, Göygöl və ətraf ərazilərdə turizm infrastrukturunun yaradılması, turizm üzrə mütəxəssislərin hazırlanması, eləcə də bu sektorda xidmətlərin göstərilməsində birgə əməkdaşlığın qurulması mümkündür.