Azərbaycanın hotel biznesi səmərəliliyin ölçülməsində istifadə olunan 3 əsas meyar üzrə Avropada ən yüksək artım tempi göstərib. 
   Bu barədə Portuqaliyanın publituris.pt portalında dərc edilən "Avropanın mehmanxana biznesi 2017-ci ilin birinci rübündə artım nümayiş etdirib" adlı yazıda qeyd olunub. Hotel biznesi otaqların tutulması dərəcəsi, hər otaqdan gəlirlər və qiymət meyarları ilə ölçülüb.
   STR analitik şirkətinin hesabatına əsasən, 2017-ci ilin ilk rübündə 2016-cı ilin analoji dövrü ilə müqayisədə Azərbaycan mehmanxanalarında otaqların tutulması göstəricisi 74,9 faiz artaraq 49,5 faiz təşkil edib. Ümumi Avropa göstəricisində artım 4,1 faiz olmaqla otaq sifarişi 63,5 faizə bərabər olub. Hesabat dövründə Azərbaycandakı mehmanxanalarda qiymətlər orta hesabla 25,5 faiz yüksəlib. Bir mehmanxana nömrəsindən əldə olunan gəlir isə 119,5 faiz artıb.