Vakant yerlər təqdim edən şirkətlərin çoxu turizm sənayesi və ona yaxın sahələri əhatə edir
Mayın 2-də Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası keçirildi.
Yarmarkanın təşkili gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunlarının turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədi daşıyır.
İştirakçılar əvvəlcə əmək yarmarkasında təqdim olunan vakant iş yerləri ilə tanış oldular.
Tədbirlə bağlı jurnalistlərə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirdi ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti ölkəmizin dayanıqlı iqtisadi inkişafına, əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasına şərait yaradır. Görülən işlərin müsbət nəticəsi kimi Azərbaycanın gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır. Diqqətə çatdırıldı ki, cari ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclərdən ibarət olub. Təkcə bu ilin birinci rübündə 32 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib. Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün müvafiq işlər aparılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizm sənayesinin dinamik inkişaf etdiyini və ölkəmizə gələn xarici turistlərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artdığını vurğuladı. Bildirdi ki, Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində hazırda mühüm işlər həyata keçirilir. Belə yarmarkaların təşkil olunması da əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclər üçün xüsusi əhəmiyyət kəsb edir.
Nazir vakant iş yerləri təqdim edən şirkətlərin əsasən turizm sənayesi və ona yaxın sahələrdən olmasının önəminə diqqət çəkdi: “Ölkəmizdə turizm sənayesinin daha da inkişaf etdirilməsi üçün bu sahənin ixtisaslı kadrlarla təmin olunması vacib məsələlərdəndir. Mədəniyyət və Turizm Nazirliyi turizm sənayesinin ixtisaslı kadrlarla təmin olunması məqsədilə müntəzəm işlər həyata keçirir. Bakıda və regionlarda turizm müəssisələrinin işçiləri üçün mütəmadi olaraq kurslar, treninqlər təşkil olunur. Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və məzunları üçün “Karyerada ilk addım” devizi altında hər il keçirilən aktiv məşğulluq tədbirləri bu baxımdan mühüm dəstək rolunu oynayır. Eyni zamanda belə tədbirlər turizm sahəsi üzrə ixtisaslara yiyələnmiş gənclərimizin öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarına malik olmalarına, turizm sektorunda fəaliyyət göstərən işəgötürənlərlə əlaqələrinin yaranmasına, bir sözlə, onların əmək bazarına fəal inteqrasiyasına şərait yaradır”.
Vurğulandı ki, yarmarkada 73-ü özəl, 4-ü dövlət sektoruna aid olan 77 müəssisə tərəfindən 237 vakant iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 6-sı dövlət, 231-i isə özəl müəssisələrə aiddir.
Qeyd edək ki, yarmarkada tələbə və məzunlar mövcud əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumat əldə edir, işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri haqqında bilgi verirdilər. Tədbirdə vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, ixtisasartırma kurslarına və ya asudə vaxt ərzində əmək birjası vasitəsilə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər də qeydiyyata alınırdı.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında ətraflı məlumatlar təqdim edilirdi.
Fariz Hüseynov