Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Bakıda ilk dəfə keçirilən Şopinq festivalını diqqətlə izləyir. Nümayəndəliyin rəhbərinin müşaviri Denis Daniilidis festivalın əhəmiyyətini şərh edərkən belə deyib.
Onun sözlərinə görə, güclü rəqabətin mövcud olduğu bu regionda Bakı vacib üstünlüklərə sahibdir. Xariclə, xüsusilə də ərəb ölkələri ilə yüksək səviyyəli hava əlaqəsinin olduğu Bakı həm də müasir infrastruktura malikdir. Bundan əlavə, UNESCO-nun qorunan mədəni abidələri siyahısına salınmış “İçərişəhər” qoruğu, zəngin mətbəx və ən əsası, sakinlərin qonaqpərvərliyi Bakını digər şəhərlərdən fərqləndirir. Bu baxımdan Bakı Şopinq Festivalı yeni brendə çevrilə, Azərbaycan paytaxtını həm də tanınmış ticarət məkanı kimi məşhurlaşdıra bilər: “Hesab edirəm ki, mədəni tədbirlərin sayını artırmaqla, yerli və xarici dizaynerlərin, modelyerlərin şopinq təklifləri ilə bu festivalın miqyasını daha da genişləndirmək olar”.
D.Daniilidis hesab edir ki, şəhərdə çoxlu sayda Avropa brendlərinin mağazalarının mövcudluğu, İrandan və Körfəz ölkələrindən çoxlu sayda turistləri cəlb edir. Avropalı turistlərin də Şopinq festivalına diqqətini cəlb etmək mümkündür: “Bunun üçün bütün addımlar atılıb. Avropa qitəsi ilə yüksək səviyyəli hava rabitəsinin olması ilə yanaşı, “ASAN xidmət” vasitəsilə elektron vizaların əldə edilməsi avropalı turistlərin istirahət və şopinq seçimlərini məhz Bakının xeyrinə etməsi üçün geniş imkanlar açır”.
“Şərqə doğru - Bakıya şopinqə gedirik”
Bu arada Fransanın məşhur “Marie Claire” jurnalının Rusiya bölməsinin baş redaktoru Anna Buraşova Bakı Şopinq Festivalına baş çəkərək səfər təəssüratlarını bölüşüb.
Festivalın saytında yer alan məlumata görə, “Şərqə doğru - Bakıya şopinqə gedirik” başlıqlı məqaləsində A.Buraşova Azərbaycan paytaxtının gözəlliyi və qonaqpərvərliyinə valeh olduğunu yazır. Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakının ideal yolları, tarixi və müasir abidələr, Heydər Əliyev Mərkəzi və Xalça Muzeyinin maraqlı memarlıq üslubundan heyrətə gəldiyini yazan baş redaktor festival çərçivəsində etdiyi şopinq haqda da təəssüratlarını bölüşür.
“Təxminən 3400 rubldan yuxarı alış-veriş edərkən elə ticarət mərkəzinin özündəcə ƏDV-ni geri almaq olur. İlahi, bu necə də rahatdır. Cəmi bir neçə saat içində Bakıya gətirdiyim çamadanın yarıyadək dolduğunu hiss edirəm”, - deyə müəllif yazır.
Azərbaycanlıların dəblə ayaqlaşmağı çox sevdiyini bildirən xanım jurnalist payızda yenidən Bakıya səfər etmək niyyətindədir: “Çünki oktyabr ayında Bakıda ikinci Şopinq festivalı baş tutacaq”.