Azərbaycan
    
   3 may 1857 - Yazıçı, tərcüməçi, teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatrımızın əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir.
   3 may 1937 - Əməkdar jurnalist, ədəbiyyatşünas Şövqi Heydər oğlu Novruzov (1937-2000) anadan olub.
   3 may 1938 - Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 - 23.4.2008) Bakıda doğulub. Akademik Dram Teatrında çalışıb. «Atayevlər ailəsi», «Alov» teletamaşalarında, “İstintaq davam edir”, «Dağlarda döyüş», «Nəsimi» və s. filmlərdə çəkilib.
   3 may 1940 - Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov anadan olub. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub.
   3 may 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cəmil Fikrət oğlu Əmirov anadan olub. İnstrumental ansambllar üçün caz kompozisiyalarının müəllifidir. Sənədli və qısametrajlı filmlərə musiqi yazıb.
    
   4 may 1920 - Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
    
   5 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan ilk rus-müsəlman qızlar məktəbinin direktoru olub.
   5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Həmçinin filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitabı) və tərcüməçi olub, U.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 1937-ci ildə repressiya olunub.
   5 may 1866 - Yazıçı-dramaturq, şair, tərcüməçi, teatr xadimi Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda anadan olub. Dövrün qabaqcıl ziyalıları (M.Şahtaxtlı, M.T. Sidqi və s.) ilə Naxçıvanda "Müsəlman incəsənəti və dram cəmiyyəti" yaradıb. 1983-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını ("Müsyö Jordan və dərviş Məstəli şah") səhnəyə qoyub.
   5 may 1905 - Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 1905 - 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
   5 may 1909 - Yazıçı-jurnalist Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov, 1909 - 10.12.1974) Naxçıvan MR-in Ordubad şəhərində doğulub. Kitabları: “Həyatımızdan səhifələr”, “Dostlar və tanışlar” və s.
   5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
   5 may 1912 - Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912 - 17.4.1983) Ordubad rayonunun Dəstə kəndində anadan olub. Kitabları: “Babamın ürəyi”, “Mən yadına düşəndə” və s. T.Drayzer, A.Sent-Ekzüperi, R.Taqorun əsərlərini (ruscadan) dilimizə çevirib.
   5 may 1922 - Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 - 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. "Dəli Kür" (Cahandar ağa), “Torpaq. Dəniz. Od. Səma” (Əli), "Qatır Məmməd" (Məşədi Göyüş), “Nizami” (Xaqani), “Qətl günü” (Zülfüqar”), "Özgə vaxt" (Ata) və s. filmlərə çəkilib.
   5 may 1930 - Tanınmış xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 -5.7.2002) Ağcabədi rayonunda anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
   5 may 1938 - Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvaz Məhəmməd oğlu Ayvazov) Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olub. «Mozalan» kinojurnalının baş redaktoru, «Azərbaycanfilm»in direktoru işləyib. Kitabları: “İllər... pillələr”, “Durnalı göylər”.
   5 may 1940 - Şair, ədəbiyyatşünas Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev; 1940- 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Kitabları: "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Gecə yuxusu", "Alın yazımız" və s.
   
   Dünya
   
   3 may “Beynəlxalq söz və mətbuat azadlığı günü”dür (World Press Freedom Day). 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib.
   3 may 1910 - Rus şairəsi, yazıçı Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
   3 may 1469 - İtalyan filosofu, yazıçı və tarixçi Nikkolo Makiavelli (Niccolo Machiavelli; 1469 - 22.6.1527) Florensiyada doğulub. Siyasət və əxlaq mövzusunda “Hökmdar” əsəri ilə məşhurdur. “Florensiya tarixi”ni yazıb.
    
   4 may 1770 - Fransız rəssamı Frasua Jerar (François Pascal Simon; 1770-1837) anadan olub. Əsasən portret janrında işləyib.
   4 may 1772 - Tanınmış alman kitab naşiri Fridrix Arnold Brokhaus (Friedrich Arnold Brockhaus, 1772-1823) anadan olub. Məşhur “Brokhaus” ensiklopedik nəşriyyatının qurucusudur. 
   4 may 1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna), «Hərb və sülh» (Nataşa Rostova) və s. 
    
   5 may 1813 - Dünya fəlsəfi irsində yeni cığır açmış görkəmli Danimarka mütəfəkkiri, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.
   5 may 1818 - Böyük alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marks (Marx; 1818 - 14.3.1883, London) anadan olub. Əsərləri: “Kapital", “Anti-Dürinq" (F.Engelslə birgə) və s.
   5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: "Quo Vadis" (“Hara gedirsən”), "Girdab", "Polonetskilər ailəsi" və s.
   5 may 1928 - Rus yazıçısı Anatoli İvanov (1928-1999) anadan olub. «Kölgələr günorta yox olur», «Əbədi çağırış» romanlarının (hər iki əsər ekranlaşdırılıb) müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan