Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin ali təhsil ocaqları arasında “Mövlanə mübadilə proqramı” çərçivəsində daha bir tərəfdaşlıq müqaviləsi imzalanıb.
Sənədləri ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov və İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma imzalayıb.
Əməkdaşlıq haqqında müqaviləyə əsasən, növbəti tədris semestrindən etibarən bu ali təhsil ocağının müxtəlif ixtisas üzrə fənn müəllimləri İğdır Universitetində mühazirə-seminarlar aparacaqlar. Tərəfdaşlıq müqaviləsinin şərtlərinə görə, növbəti tədris semestrindən universitetlərarası tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirdə ATMU-da tədrisin təşkili prosesi barədə məlumat verən E.Aslanov universitetin bir sıra beynəlxalq qurumlarla, o cümlədən Türkiyənin ali təhsil ocaqları ilə mövcud əlaqələrinin səmərəli olduğunu xüsusi vurğulayıb.