Mayın 6-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Rumıniyanın mədəniyyət və milli irs üzrə dövlət katibi Aleksandr Opreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
   Nazir müavini Rumıniyanın Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda fəal iştirakından məmnunluğunu ifadə etdi. Qonağa ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən islahatlar barədə məlumat verildi, bu sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.
   Aleksandr Oprean da ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırdı, Azərbaycan xalqının qədim tarixə, zəngin mədəniyyətə, yüksək qonaqpərvərliyə sahib olduğunu dilə gətirdi. Qeyd olundu ki, Rumıniya artıq ikinci dəfə Bakı Forumunda iştirak edir. Forumun əhəmiyyətindən danışan rumıniyalı qonaq Azərbaycanın multikulturalizmə və tolerantlığa verdiyi önəmi yüksək qiymətləndirdi.
   * * *
   Nazir müavini Nazim Səmədov İtaliyanın Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyinin katibi Antimo Cesaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşdü. 
   Görüşdə qonağa Azərbaycanın turizm imkanları barədə məlumat verildi, mədəni, idman, işgüzar, dağ-xizək kimi turizm növləri ilə yanaşı, sağlamlıq turizminin də inkişaf etdiyi diqqətə çatdırıldı. Naftalan kurortunun yenidən qurulduğunu deyən Nazim Səmədov məkanın avropalı, o cümlədən italiyalı turistlərin diqqətini cəlb edəcəyindən əminliyini ifadə etdi.
   Söhbət zamanı İtaliya tərəfinin də Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlı olduğu diqqətə çatdırıldı. İtaliyada keçirilən turizm sərgilərində ölkəmizin daha geniş təqdimatlarının keçirilməsinə dəstək ifadə olundu. Ölkələrimiz arasında təbii oxşarlıqların olduğunu dilə gətirən Antimo Cesaro Azərbaycanın italiyalı turistlər üçün maraqlı istirahət məkanı olacağına əminliyini bildirdi. 
   
   Fariz Hüseynov