Festival artıq bir brendə çevrilib və ənənə halını alması üçün önəmli addım atılıb
   
   Azərbaycan paytaxtında ilk dəfə təşkil edilən Şopinq festivalına yekun vurulub.
    Festivalın Təşkilat Komitəsindən bildirilib ki, aprelin 10-dan mayın 10-dək keçirilən I Bakı Şopinq Festivalı gözlənildiyindən də uğurlu alınıb.
   Festivalın təşkilatçısı - Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun peşəkar kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə birgə əməkdaşlıq şəraitində həyata keçirdiyi layihə ölkəmizdə və beynəlxalq aləmdə maraqla qarşılanıb.
   Layihə barədə danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşların da festivalda fəal iştirakını yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, bu təşəbbüs regionda bu sahədə liderlik üçün çox ciddi addımdır. Dünya təcrübəsində ilk dəfə olaraq, ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana bilib.
   Qeyd edək ki, festivala qoşulmuş mağaza və restoranlar tərəfindən alıcılar üçün bir çox güzəşt və kampaniyalar tətbiq edilib, həmçinin mağazalar 30 faizdən 70 faizədək endirimlər edib. ƏDV-nin qaytarılması (“Tax Free”) sistemi bütün alıcılar tərəfindən razılıqla qarşılanıb.
   Qeyd edək ki, xarici vətəndaşlar üçün “Tax Free” sistemi 300 manatdan yuxarı alış-verişə şamil edilirdisə, Şopinq festival zamanı məbləğ 100 manatadək endirilib. Digər tərəfdən, xarici turistlər “Tax Free” məbləğini həmişəki kimi hava limanında deyil, bilavasitə şəhərdə geri ala biliblər.
   Festival dövründə demək olar ki, hər gün ticarət mərkəzlərində, Bakıya gələn turistlərin daha çox maraq göstərdiyi İçərişəhərdə müxtəlif əyləncə proqramları təşkil edilib. Bakı Şopinq Festivalına qatılan fəxri qonaqlar - məşhur italiyalı səyyah və dicey Canluka Vakki, rusiyalı müğənni Vera Brejneva, eləcə də digər tanınmış incəsənət ustalarının çıxışları maraqla qarşılanıb.
   Şopping festivalı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəbləri bir-birindən maraqlı konsert proqramları ilə çıxış ediblər. Təqdim edilən proqramlarda nağaraçalanlar, “Köhnə Bakı”, “Aysel”, “Səma” rəqs ansamblları, eləcə də Bakı Uşaq Teatrı tərəfindən nümayiş olunan musiqi çələngləri, tamaşalar turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. Əyləncəli şou proqramlar həftənin bütün günlərində, “Park Bulvar”, “28 Mall”, “Gənclik Mall” və İçərişəhərdə Qoşa Qala qapısı meydanında təşkil olunub. 
   Festival təkcə yerli medianın deyil, beynəlxalq aləmin, eləcə də xarici KİV-lərin də diqqət mərkəzində olub. Əminliklə demək olar ki, Bakı Şopinq Festivalı artıq bir brendə çevrilib və gələcəkdə ənənə halını alması üçün önəmli addım atılıb. Qeyd edək ki, paytaxtımızda növbəti Şopinq festivalının payızda keçirilməsi nəzərdə tutulur.