Media mənsubları Atletlər kəndi ilə tanış olublar
Mayın 10-da IV İslam Həmrəyliyi Oyunlarının idmançılarının yerləşdiyi Atletlər kəndinə media turu təşkil olundu.
Koroğlu metrosu yaxınlığındakı binalardan ibarət Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə nəqliyyatın gediş-gəlişinin rahat olduğu ərazidə yerləşir. Burada 10-15 mərtəbəli 13 binada hər biri 3-5 otaqdan ibarət ümumilikdə 1042 mənzil qonaqlar üçün ayrılıb. Ümumilikdə 3 minədək atlet və rəsmi şəxsin qalması üçün hərtərəfli şərait yaradılıb.
Hər bir mənzildə ayrıca yemək otaqlarından əlavə, Atletlər kəndi ərazisində yeməkxana da fəaliyyət göstərir. Yeməkxanada idmançılara müxtəlif ölkələrin, əsasən də dünya mətbəxi təklif olunur. Burada eyni vaxtda 3 min nəfərə xidmət göstərmək mümkündür.
Ərazidə idman və istirahət mərkəzləri də fəaliyyət göstərir. Əyləncə mərkəzində idmançıların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müxtəlif oyun zalları, stolüstü oyunlar üçün şərait yaradılıb. İstirahət mərkəzlərində wi-fi, kompüter oyunlarından da istifadə etmək mümkündür.
Oyunlar zamanı atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün böyük avtobus dayanacağı qurulub. Diqqətə çatdırıldı ki, görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin uğurla keçiriləcəyinə əminlik yaradır.
Tibb məntəqəsi idmançılar və ərazidə xidmət göstərən insanlara sutkanın 24 saatı xidmət göstərəcək. Məntəqədə təcili yardım, fizioterapiya, stomatologiya, kardiologiya, buz vannaları və başqa tibbi xidmətlər var. İdmançıların daha ağır zədələnmələr və cərrahiyyə əməliyyatlarına ehtiyac yarandığı təqdirdə paytaxtda yerləşən digər müalicə müəssisələrinə yerləşdirilməsi nəzərdə tutulub. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.
Qeyd edək ki, Azərbaycan idmançıları 1-ci binada məskunlaşıblar. Türkiyə, Özbəkistan, İraq, Malayziya, Mərakeş, Banqladeş, Kamerun, Səudiyyə Ərəbistanı və Oyunlarda iştirak edəcək daha bir neçə ölkənin nümayəndə heyəti artıq Atletlər kəndində yerləşiblər. Mayın 12-də rəsmi açılışı keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 54 ölkənin qatılması gözlənilir.
Fariz Hüseynov