Madriddə layihə ilə bağlı müzakirələr davam etdirilib
Xəbər verdiyimiz kimi, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı tərəfindən (UNWTO) “Turizm etikası üzrə Konvensiya”nın hazırlanması məqsədilə işçi qrup yaradılıb. İşçi qrupa Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov rəhbərlik edir. Təşkilatın Madriddəki qərargahında Nazim Səmədovun sədrliyi ilə qrupun üçüncü iclası keçirilib.
Toplantıya qurumun baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, işçi qrupuna, eləcə də UNWTO-ya üzv ölkələrin 30-a yaxın nümayəndəsi qatılıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev iştirak edib.
İclasın açılışında baş katib Taleb Rifai, Paskal Lami və nazir müavini Nazim Səmədov çıxış edib. İki gün davam edən iclasda “Turizmin qlobal etik kodeksi”ni konvensiyaya çevirmək istiqamətində müvafiq mövzular ətrafında müzakirələr davam etdirilib.
Xatırladırıq ki, işçi qrupun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək sözügedən kodeks əsasında hüquqi cəhətdən bütün üzv dövlətlərə məcburi qaydada şamil oluna biləcək “Turizm etikası üzrə Konvensiya”nı hazırlayıb qurumun 2017-ci ilin sentyabr ayında keçiriləcək Baş Assambleyasına təqdim etməkdən ibarətdir.
Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcək. Bu, Dünya Turizm Təşkilatının ilk konvensiya sənədi olacaq.