İranın “Aysan Pərvaz” turizm şirkəti dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir. Şirkət İranın “ATA Airlines” aviaşirkəti ilə müqavilə bağlayaraq Tehran-Bakı-Tehran, Təbriz-Bakı-Təbriz çarter təyyarə reysləri açıb.
Şirkətin baş direktoru Seyid Məhəmməd Mirrezayi AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, qarşıdan gələn yay tətilində bir çox iranlı turistlər istirahətlərini Azərbaycanda, Bakıda keçirmək istəyirlər.
Onun sözlərinə görə, böyük oğlu IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün ailəsi ilə birlikdə Bakıya gedib: “Onunla telefon əlaqəsi saxlayıb oyunların və istirahətinin necə keçdiyini soruşduq. Oğlum bizə birmənalı şəkildə məsləhət gördü ki, yay tətilini mütləq Bakıda keçirək. Hotellərin rahat, şəhərin gözəlliyi haqqında çox danışdı. Biz də qərara gəldik ki, yayda istirahətimizi Bakıda keçirək”.
Baş direktor ötən əsrin 90-cı illərinin əvvəllərində də Bakıda olduğunu bildirərək ötən müddətdə şəhərin tamamilə dəyişdiyini, müasirləşdiyini deyir: “Bundan başqa, şəhər sakinləri çox mehriban və qonaqpərvərdirlər. Tarixi abidələr, möhtəşəm tikililər turistlərin görmək istədikləri məkanlardandır. Son vaxtlar Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirlər dünyaya səs salıb. İranlılar da Bakını gəzmək və görmək istəyirlər”.
O bildirib ki, Azərbaycan və İran xalqlarının din, dil, adət-ənənə yaxınlığı Bakını iranlılar üçün daha cəlbedici edir. Bakının tanıdılması üçün şirkət tərəfindən xüsusi buklet də hazırlanıb və müştərilərə paylanır.
Baş direktor reysin açılması, səyahətlərin təşkil olunmasında və turistlərin viza məsələlərinin həllində göstərdiyi köməyə görə Azərbaycanın İrandakı səfirliyinə minnətdarlıq edib.
Gələcək planlarından danışan baş direktor deyib ki, hələlik Bakıya həftədə 2 reys yola salınır. İyun ayından reyslərin sayı 3-ə çatdırılacaq. Bakı-Məşhəd reysinin açılması istiqamətində çalışdıqlarını söyləyən S.M.Mirrezayi Azərbaycandan İrana turistlərin cəlb edilməsindən də danışıb. Qeyd edib ki, İsfahan, Şiraz, Kiş adası, Ramsar kimi gözəl guşələrdə azərbaycanlı turistlərin istirahətinin təşkili üçün işlər aparılır. O, həmçinin iranlı turistlərin yalnız Bakıya deyil, Azərbaycanın rayonlarına da səfərlərinin təşkil ediləcəyini vurğulayıb.