Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ölkəmizə gələn əcnəbi turistlər bölgələrimizə də səfər edirlər. Bu günlərdə Şəkiyə gələn xarici turistlərin sayında da artım müşahidə olunur. Əcnəbi qonaqların Şəkidə ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir.
Qoruğun direktoru Təranə Abdullayeva bildirib ki, əcnəbi turistlər arasında ərəb ölkələrindən, eləcə də Türkiyə və Rusiyadan gələnlər üstünlük təşkil edir. Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra turistlər Qoruğun ərazisindəki istirahət məkanında Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə dəvət olunur, burada qoyulmuş böyük ekranlı televizor vasitəsilə Oyunların gedişini izləyirlər.
İslam Həmrəyliyi Oyunlarının davam etdiyi günlərdə qoruğun iş rejimində də dəyişiklik edilib və tarixi məkan hər gün axşam 20:30-dək turistlərin üzünə açıqdır.
Omanlı turist Rəşid əl-Həkmani deyib ki, həyat yoldaşı ilə artıq Bakı və Qəbələdə olub. Qonaq ölkəsinin idmançılarının islam dünyasının bu böyük idman tədbirində iştirak etməsindən çox sevindiyini bildirib. Dubaydan gəlmiş turistlər də son illər Azərbaycanda böyük idman yarışlarının keçirilməsindən məlumatlı olduqlarını deyiblər. Çikaqolu Davud Piter, sloveniyalı Rok Çampa, Misirdən gəlmiş Əhməd Mahmud bildiriblər ki, Azərbaycana ilk dəfədir səfər edirlər və gördükləri qonaqpərvərlikdən çox məmnundurlar.