Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında diplomatik əlaqələr 1992-ci il 29 aprel tarixində qurulub. 2011-ci ilin avqustundan Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir. CAR-ın Türkiyədəki səfiri Pule İsaak Malefane isə eyni zamanda Azərbaycanda da akkreditə olunub. Onunla söhbətimizdə iki ölkə arasında mədəniyyət, turizm və digər sahələrdə münasibətlərə toxuduq.
- Cənab səfir, ölkələrimiz arasında ikitərəfli mövcud əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?
- Münasibətlərimiz çox səmimidir. Ölkəmizdən Bakıya nümayəndə heyətləri gedir. Mən özüm Bakıya səfər etmişəm. Yüksək səviyyəli görüşlərə gəlincə, Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Bakıda Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunub. Bu səfər əlaqələrimizin möhkəmlənməsinə və yaxşılaşdırılmasına zəmin olmuşdur. Biz həmçinin öz maraqlarımızı daha yaxşı təmsil etmək üçün Azərbaycana fəxri konsul təyinetmə prosesindəyik.
- Azərbaycana səfir təyinatını necə qarşıladınız?
- Səfir təyinatından öncə heç vaxt Azərbaycanda olmamışdım. Buna görə də narahat idim ki, məni nə gözləyir. Etimadnaməmi təqdim etməyə gedərkən məni nazirlər, səfirlər və biznes ictimaiyyəti ilə tanış etmək üçün bir görüş-tədbir keçirildi. Mən Azərbaycanın çox sakit, maraqlı bir ölkə olduğunu gördüm. Azərbaycan hökuməti, biznes ictimaiyyəti və yerli insanlar tərəfindən çox isti qarşılandım. Beləliklə, həqiqətən, Azərbaycana səfir təyinatım məni yaxşı mənada həyəcanlandırdı.
- CAR iqtisadi baxımdan inkişaf etmiş ölkədir. Bu baxımdan ölkələrimiz arasında iqtisadi əlaqələri, məsələn, elə turizm əlaqələrini necə dəyərləndirmək olar?
- Mən Bakıya səfər edəndə Azərbaycan Xarici İşlər Nazirliyində müzakirə etdiyim məsələlərdən biri də iqtisadi əlaqələr idi. Bizim indikindən daha çox ünsiyyətə ehtiyacımız var. Aramızda informasiya mübadiləsi aparmaq lazımdır. İki ölkənin iqtisadi münasibətləri üçün o qədər böyük potensial var ki. Hərbi-sənaye kompleksi sahəsində əməkdaşlıq edə bilərik. Digər sahələrə də imkanlar çoxdur.
Azərbaycan Afrikada o qədər tanınan yer deyil. Buna nail olmaq üçün elə turizm əlaqələrindən başlaya bilərik. Qarşılıqlı turizm əlaqələrindən sonra başqa imkanlarımızı da aşkarlaya bilərik. Azərbaycan özünün biznes imkanlarını təqdim edə bilər. Biz may ayında keçirilən ən böyük turizm sərgilərindən birinə - INDABA sərgisinə ev sahibliyi edirik. Bu sərgidə Cənubi Afrika bütün dünyanın marağını cəlb edir. Növbəti ildə Azərbaycan turizm şirkətləri də bu sərgidə iştirak edəcək. Bu, bizim əlaqələrimizin inkişafına kömək edə bilər.
- Necə düşünürsünüz, Azərbaycan turisti üçün Cənubi Afrikadakı hansı turizm növləri daha maraqlı ola bilər?
- Bu insanların seçimindən, tarixi maraqlarından, ambisiyaları və arzularından asılıdır. Məsələn, onlardan bəziləri idman tədbirlərinə, bəziləri tibbi əməliyyatlara, digər qismi də ölkəni gəzməyə gəlir. Təbii ki, ölkəyə gələn turistlər nəqliyyat və digər vasitələrdən istifadə edəcək və buna görə pul xərcləyəcəklər. Cənubi Afrika çoxlu turizm növlərinin - vəhşi təbiətlə təmas, ailə səfərləri, mədəni turizm, idman tədbirləri və s. qarışığı olan bir ölkədir. Azərbaycan vətəndaşları üçün də ölkəmiz zövq alma məkanı ola bilər. Turistlər ölkəmizə əsasən Avropa, Asiya, Afrika və Latın Amerikasından gəlir. Biznes turizmi, yəni biznes qurmaq üçün ölkəyə gələn insanlar da var. Ölkəmizdə biznes, infrastruktur və bank sistemi çox yaxşı təşkil olunub. Turizm isə CAR-ın əsas iqtisadi sektorlarından biridir.
- Mədəniyyət insanların yaxınlaşması üçün əsas vasitələrdən biridir. Azərbaycan bu sahəyə böyük önəm verir. Bakı hər iki ildən bir Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir.
- Bəli, sizinlə razıyam. Mədəniyyət əlaqələrin qurulmasında çox mühüm amildir. Mədəni münasibətlər konkret olaraq ölkələr arasında diplomatik əlaqələr deməkdir. Məsələn, CAR-da baş tutan Azərbaycan milli günündə yerli Cənubi Afrika mədəniyyət qrupları mədəni proqramla çıxış etdilər. Onlara Azərbaycan milli rəqsləri və mahnılarının necə ifa edilməsi öyrədilmişdi. Beləliklə də, görürük ki, mədəniyyət münasibətləri inkişaf etdirmək üçün bizə lazım olan əsas məqamlardan biridir. Bundan başqa, biz ölkəmizin milli günlərindən birini Azərbaycanda qeyd edə bilərik. Biz Azərbaycanla mədəni mübadilə proqramları da təşkil edə bilərik, bizim incəsənət kollektivləri Azərbaycanda çıxış edə bilər. Bununla da insanlarınız görəcək ki, biz mədəni imkanlarımız baxımından nələri təklif edə bilərik.
- Bildiyimizə görə, bu günlərdə bir sıra görüşlər keçirmək üçün Bakıya səfər etmisiniz. Bu səfərin əsas məqsədi nə idi?
- Əsas məqamlardan biri o oldu ki, iki ölkə arasında diplomatik təlim üzrə əməkdaşlıq haqqında razılaşma imzaladıq. Belə ki, Azərbaycan Diplomatik Akademiyası diplomatların təlim-tədrisi ilə bağlı CAR-dakı diplomatik institutlarla əməkdaşlıq edəcək. Bizim gələcək diplomatlardan bəziləri treninq üçün Azərbaycana gələcək. Bu da öz-özlüyündə ölkələrimizin birgə gördüyü işlərin nəticəsidir. Beləliklə, bu yolla da biz əlaqələrimizi inkişaf etdirə bilərik.
- Azərbaycanı necə gördünüz, hansı təəssüratlar yarandı sizdə?
- Mən yalnız Bakıda olmuşam. Bu, müasir bir şəhərdir. Bakıda zəngin mətbəx, restoranlar, mağazalar ilə bağlı geniş seçim imkanları var. Hətta gecə saatlarında belə kifayət qədər gözəl və cəlbedici şəhərdə belə yerlər tapmaq mümkündür. Qədim şəhərdə də oldum. İnsanlarınız çox qonaqpərvərdir.
- Sizcə, insanlarımız arasında oxşarlıq varmı?
- Azərbaycan insanları istiqanlıdır. Bu xüsusiyyət bizim insanlarımızda, ümumiyyətlə, bütün Afrika insanlarında da var. Məsələn, mən Bakını təkcə gəzdim. Küçədə hər hansı bir narahatlıq hiss etmədim. İnsanlar öz işləri ilə məşğul idi. Onlar sadəcə məndən nəzakətlə haradan olduğumu soruşdular. Hətta mənə başqa yerləri göstərməyi də təklif etdilər. İnsanlar kim olduğunu bilmədən də sənə mülayim münasibət göstərir.
- Yəqin Azərbaycanın ən böyük problemi barədə məlumatınız var? CAR-ın Qarabağ konfliktinə münasibətdə mövqeyi necədir?
- Biz Birləşmiş Millətlər Təşkilatının qətnamələrini dəstəkləyir və münaqişə yaradan hər hansı vəziyyətə qarşıyıq. Münaqişə nəticəsində günahsız insanlar həyatını itirir. BMT-nin bu münaqişə ilə bağlı qətnamələrinin həyata keçirilməsi onun həlli baxımdan ən yaxşı bir yoldur.
Mehparə Sultanova
Ankara